Avtomobillərin lizinqlə satış dövrü başlanır

22 Fevral 2014 07:52 (UTC+04:00)

Avtomobil kreditələri ilə bağlı şərtlərin sərtləşdirilməsi gözləndiyi kimi, maşın bazarında satışların həcminin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub. Elə avtomobil satışını həyata keçirən müxtəlif mərkəzlərdə də satışın əvvəlki həddə olmadığı müşahidə olunur. Bu şəraitdə vəziyyətdən çıxış yolu kimi bəzi satış mərkəzləri avtomobillərin lizinqlə satışına üstünlük verməyə başlayır.

Çünki yeni kredit şərtləri kifayət qədər ağırdır. Artıq məlumdur ki, yeni avtomobillər üçün kreditlər onların dəyərindən asılı olaraq 40-50 faiz həcmində ilkin ödəniş şərti ilə veriləcək.

Bununla yanaşı, istehsal tarixindən satışınadək 1 ildən çox vaxt keçməyən avtomobillər yeni hesab ediləcək. İşlənmiş avtomobillər üçün kredit şərtləri daha sərt olacaq. Kreditin məbləği avtomobilin dəyərinin cəmi 20 faizini təşkil edəcək. Yəni, belə kredit üzrə ilkin ödəniş əldə edilən maşının dəyərinin 80 faizini təşkil edəcək. Bazarda vəziyyət gərginləşənədək avtomobil kreditlərinin verilməsi şərtləri olduqca yumşaq olub: yeni avtomobili maşının dəyərinin 10-15 faizi həcmində ilkin ödəniş etməklə 5 il müddətinə kreditə almaq olurdu. İşlənmiş avtomobillər isə maşının dəyərinin təqribən 30 faizi həcmində ödəniş etməklə illik təqribən 20-25 nominal faiz dərəcəsi ilə 4 il müddətinə təklif edilirdi. Lakin bu hal problemli avtomobil kreditəlrinin də həcminin sürətlə artamsına gətirib çıxardı. Nəticədə isə avtomobil kreditləri ilə bağlı daha sərt şərtlər diqtə olundu və qeyd olunduğu kimi, bu hal maşın satışına ciddi təsir göstərir.

Bu fonda lizinqlə avtomobil satışına diqqət və maraq artmaqdadır. Belə ki, bankların avtomobil kreditlərinin şərtlərini sərtləşdirməsi nəticəsində satışları azalmış avtomobil satışı mərkəzləri çıxış yolunu lizinqdə tapıb. Artıq Azərbaycanda "Mazda", "Honda" "Subaru" və "Mitsubishi" avtomobillərinin rəsmi satış mərkəzləri yeni lizinq şərtləri ilə kampaniyaya başlayıblar. "Honda Avtomobil Mərkəzi"ndən "Marja"ya bildirdilər ki, avtomobillərin lizinq ilə satışına yerli lizinq şirkətlərindən biri ilə əməkdaşlıq əsasında başlanılıb. İndi bütün "Mazda", "Honda" "Subaru" və "Mitsubishi" modellərini cəmi 20% ilkin ödəniş etməklə, illik 18 faizlə, 5 ilə qədər müddətə lizinq yolu ilə əldə etmək olar. Avtomobilin dəyərinin 50%-ni əvvəlcədən ödəyənlər isə qalan hissəni 14%-lə lizinqə götürə bilərlər. Bu halda avtomobil lizinq şirkətinin adına rəsmiləşdirilir və liznq üzrə borc ödənildikdən sonra şəxsin adına keçirilir. Həmin müddətdə avtomobil lizinq şirkətinin verdiyi etibarnamə əsasında idarə olunur.

Bundan başqa "Honda Avtomobil Mərkəzi"ndən bildirdilər ki, avtomobillərin bank krediti ilə yeni şərtlər əsasında satışı da həyata keçirilir. Bu halda ilkin ödəniş 50%, kredit faizi 14%, müddəti isə 5 ilə qədər təşkil edir. Aydın görünür ki, lizinqlə satış və alış artıq daha sərfəlidir və maşın bazarının özündə belə artıq bu təcrübədən istifadə edənlərin sayının artması gözlənir. Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrin əksəriyyətində insanlar avtomobili lizinq yolu ilə əldə etməyə üstünlük verirlər. Məsələn, Almaniyada avtomobili lizinq yolu ilə əldə etmək daha populyardır. İsraildə isə il ərzində satılan bütün avtomobillərin 70%-i lizinq yolu ilə satılır.

Bu gün Bakıda fəaliyyət göstərən avtomobil dilerlərindən və avtomaşın satışı ilə məşğul olan avtosalonlarda avtomobili kreditlə bərabər lizinq yolu ilə də əldə etmək olar. Amma indiyə qədər kreditin şərtləri ilə lizinqin şərtləri az qala eyni idi. Lakin indi şərtlər dəyişir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, lizinq kreditdən fərqlidir. Lizinq kreditlə müqayisədə daha uzunmüddətli və illik faiz dərəcəsi aşağı olmalıdır. Artıq avtomobil satış mərkəzlərində məhz bu amillərə üstünlük verilməsinə başlanır. Onu da qeyd edək ki, lizinqlə avtomobili alan zaman avtomaşının mülkiyyət hüququ lizinq şirkətinə məxsus olur. Yəni, lizinq şirkəti avtomobili alıb icarəyə verir. Əgər alıcı lizinq şirkətinin pulunu vaxtı-vaxtında geri qaytararsa, sonda avtomobilin mülkiyyət hüququ alıcıya keçir. Liznqdə girov tələb olunmur, elə avtomobilin özü girov rolunda çıxış edir. Bu da lizinqlə satışını daha da stimullaşmasına təkan verir.