Tehranda onlarla azərbaycanlı fəal həbs edilib

22 Fevral 2014 10:38 (UTC+04:00)
Ötən gün axşam saatlarında İranın paytaxtı Tehran şəhərində onlarla azərbaycanlı fəal həbs edilib. Movqe.az-ın "Oyannews"a istinadən verdiyi məlumata görə, buna səbəb sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Tehranın Savə küçəsində 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə toplantının keçirilməsi olub. Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları 200 nəfərin iştirak etdiyi mərasimə müdaxilə edib. Nəticədə İran təhlükəsizlik qüvvələri ilə azərbaycanlı fəallar arasında toqquşma baş verdiyi, yığıncağın dağıdılması üçün bibər qazından istifadə olunduğu. bəzi soydaşlarımıza qarşı zor tətbiq edildiyi, onlardan bir neçəsinin saxlanıldığı vurğulanır. Hələlik tutulanlardan yalnız 6 nəfərin kimliyi müəyyənləşdirilib. Bunlar Əkbər Azad, Əziz Fərşi, Əlirza Fərşi, İsrafil Soltanian, Mənsur Fəthi və Seyid Müctəba Musəvidir. ETTELAAT əməkdaşlarının zor tətbiq etməsi nəticəsində bir sıra soydaşımızın yaralandığı, onların arasında tanınmış azərbaycanlı fəal Həmid Manafi Nadarlının (Erkin Nadarlı) da olduğu, başından güclü zərbə alan fəalın qanaxması olduğu bildirilir. Eyni zamanda İ.Soltanianın əlil olmasına baxmayaraq vəhşicəsinə döyüldüyü qeyd edilib. Hazırda azərbaycanlı fəalların harada saxlanıldığı ilə bağlı heç bir məlumat verilmir.