Bu gecə həbsdən çıxan Timoşenko bu gün baş nazir ola bilər
23 Fevral 2014 15:28 (UTC+04:00)
Bu gün səhərdən Ukrayna Ali Radası öz iclasına
başlayıb. ANS PRESS-in məlumatına görə, iclası Radanın
vitse-spikeri Ruslan Koşulinski idarə edib. O, bu gün Ali Radanın
sədrinin seçiləcəyinin və baş nazirin də təsdiqlənəcəyinin
gözlənildiyini bildirib.
Deputat Nikolay Tomenko deyib ki, baş nazir
postuna Yuliya Timoşenko, Aseniy Yatsenyuk və Petr Poroçenkonun
namizədliyi nəzərdən keçirilir.
Ukraynanın inqilab ocağı Maydanda aksiyalar davam
edir. Ölkədə hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq,
insanlar hələ də meydanı boşaltmaq istəmirlər. Xalq yerdə qalan
tələblərinin yerinə yetirilməsini, daha doğrusu hər hansı cinayət
törətməkdə şübhəli bilinən dövlət məmurlarının cəzalandırılması
istəyir.
Ukraynanın rəsmi dövlət agentliyi UNİAN-ın
məlumatına görə, deputatlar Oleq Lyaşko və Pavel Petrenko hər hansı
cinayət törətməkdə şübhəli bilinən dövlət məmurlarının ölkə
sərhədlərini tərk etməsini qadağan edən layihəni Ali Radaya təqdim
ediblər. Layihəyə görə, bu sanksiyanın Ukrayna mərkəzi icra
hakimiyyəti orqanlarında təmsil olunmuş səlahiyyətli şəxslərə
tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin layihədə göstərilib ki,
Dövlət Sərhəd Xidməti belə bir cəhd aşkarladığı zaman Ukrayna Ali
Radası və hüquq-mühafizə orqanlarını məlumatlandlrmağa
borcludur.
Ukrayna Xarici İşlər Nazirliyinin 116 əməkdaşı
xarici işlər naziri Leonid Kojaranın ölkıni xaricdə təmsil etməyə
mənəvi haqqının olmaması barədə məlumat yayıb. Nazirliyin
"facebook" səhifəsində yayılan müraciətdə Ukrayna Ali Radasını bu
məsələyə baxmağa çağırılır.