Suraxanıda Xocalı faciəsinin 22-ci ildönümü geniş qeyd edilir

24 Fevral 2014 14:37 (UTC+04:00)

"Xocalı soyqırımının 22-ci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 27 yanvar 2014-cü il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisələrində silsilə tədbirlər keçirilmişdir.


Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunmuş "XX əsrin faciəsi – Xocalı soyqırımı" adlı ümumrayon tədbiri Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında keçirilmişdir.


Rayon ictimaiyyətinin nümayəndələrinin, rayonda məskunlaşan xocalıların iştirak etdiyi tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, sonra Mərkəzin birinci mərtəbəsində təşkil olunmuş "Xocalı faciəsi uşaqların gözü ilə" adlı sərgiyə baxmışlar. Sərgidə rayon məktəblilərinin çəkdikləri rəsmlər nümayiş etdirilmişdir. Burada eyni zamanda rayon məktəbliləri arasında Xocalı soyqırımına həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri haqqında da məlumat verilmişdir. Daha sonra tədbir iştirakçıları mərkəzin ikinci mərtəbəsində xüsusi fərdi səs sistemi və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanmış filmə baxdılar.


Tədbir Mərkəzin Elektron lektoriya zalında davam etdi. Əvvəlcə Xocalı faciəsinin, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.


İlqar Abbasov qeyd etdi ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-milətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.


Erməni separatçılarının Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə qiymət vermək yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı (genosidi) günü haqqında" xüsusi qərar qəbul etdi.


Bu gün Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.


Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu yaradıldığı ilk gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliğ olunması yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.


Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlər olduqca təqdirəlayiqdir. "Xocalıya ədalət" kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayıb. İlk gündən kampaniya yüksək templə davam edir və aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllü qoşulub. Xocalı faciəsi beynəlxalq təşkilatlar tərəfindən tanınır, "Xocalıya ədalət" çağırışı artıq beynəlxalq tələbə çevrilir.


Tədbirdə Xocalı sakini Qədim Abbasov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, 275 nömrəli tam orta məktəbin direktoru Elmira İsmayılova çıxış etdilər.


Tədbiri yekunlaşdıran İlqar Abbasov xüsusi vurğuladı ki, bu gün hər bir Azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması, insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir.


Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.


Sonda tədbir iştirakçıları 275 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyaya baxdılar.