Özəl peşə məktəblərinə Azərbaycanda da böyük ehtiyac yaranır

24 Fevral 2014 18:02 (UTC+04:00)

Bir sıra Qərb ölkələrində yüksək ixtisaslı kadrların hazırlanmasında universitetlərlə bərabər, özəl peşə məktəbləri də mühüm rol oynayır. Bu gün Azərbaycanda bir çox sahələrdə ixtisaslı kadrların çatışmadığı bir həqiqətdir. Bu fonda bizdə də yüksək ixtisasıl kadrlar hazırlaya biləcək özəl peşə məktəblərinin yaradılması bu sahədə vəziyyətə necə təsir göstərərdi?

Bu gün özəl sektorun iqtisadiyyatın böyük bir hissəsini əhatə etiyini deyən ekspert Qüdrət İsaqov bu fond özəl peşə məktəblərinin də yaradılmasının labüd olduğunu deyir: "Özəl orta məktəblər olduğu kimi, özəl peşə məktəbləri də olmalıdır. Bu da onunla bağlıdır ki, bu gün Azərbaycanda özəl sektor gündən-günə inkişaf edir. Bu sektor gələcəkdə iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə edəcək. Dövlət sektorunun həcmi get-gedə daha da kiçilir və özəl sektor genişlənir. Məsələn, neft dövlət sektorudur. Amma gələcəkdə bu da özəlləşdiriləcək. Energetikanın müxtəlif sahələri də o cümlədən. Yəni, zamanla özəl sektor öz payını daha da artıracaq. Ona görə də, özəl müəssisələr və özəl sistem üçün mütləq özəl peşə məktəbləri, liseyləri və s. olmalıdır. Burda bütün xərclər, özəl sektorun nümayəndəsi tərəfindən, yəni məktəbin nəzdində olduğu müəssisənin sahibi tərəfindən ödənəcək. Onlar bu məktəbləri yaratmaqla öz müəssisələri üçün ixtisaslı kadrlar hazırlayacaqlar. Bizdə özəl sektor inkişaf etdikcə, özəl peşə məktəblərinin yaradılması da onunla paralel olaraq inkişaf etməlidir". 

Digər ekspert Məhərrəm Zülfüqarlı  isə bu gün Azərbaycanda özəl məktəbləri açacaq böyük şirkətlərin olmadığını   deyir: "Bü gün Azərbaycanda elə böyük şirkətlər yoxdur ki, onların nəzdində özəl peşə məktəbləri açılsın. Yaxın zamanlarda yəqin ki, həyata keçirilər. Amma hazırda ölkəmizdə yeni xarakterli peşə məktəbləri açılıb ki, onlar ixtisaslı kadrlar yetişdirirlər. Məsələn, Turizm  Institutun nəzdində xüsusi peşə məktəbi yaradılıb ki, bu sahədə mütəxəssislər yetişdirir. Bundan başqa eyni zamanda Neft Şirkətinin nəzdində də neft sahəsində çalışmaq üçün texniki sənət sahibləri yetişdirən peşə məktəbi açılıb. Onları inkişaf etdirmək lazımdır. Artıq bu məktəblər  Sovet dövründəki kimi formal xarakter daşımır və harda ehtiyac varsa, orda açılır. Ona görə də, özəl peşə məktəblərinin açılması yəqin ki, bu işin inkişafına kömək edəcək".