Son dövrlərdə kommersiya bankları tərəfindən verilən kredit şərtlərinin sərtləşdirilməsindən sonra analoji hal lombardlarda da müşayiət olunur.
Artıq lombardlarda da verilən kreditlərin geri qaytarılması ilə bağlı problemlərin olduğunu deyən iqtisadçı-ekpsert Natiq Cəfərli qaydaların sərtləşdirilməsinin də mövcud problemlərin həllində bir addım olduğunu dedi: "Bu, pulların qaytarılması ilə bağlıdır. Artıq banklardakı kimi lombardlarda da pulların geri qaytarılmasında problemlər yaranıb. Bu, təbii ki, lombardlara da təsir etməli idi. Və təsiri yaşanır da artıq. Çox güman ki, kreditlərin verilməsi və yaxud da lombard kreditlərində şərtlərin ağırlaşdırılması bu geri qayıtma problemlərinin çözülməsinə və həllinə xidmət edir. Əslində, pul-kredit siyasətində də sərtləşdirməni bu problemin aradan qaldırılması üçün atılan addımlardan biri kimi qiymətləndirmək olar. Amma ikinci təsiri də olacaq ki, lombard xidmətləri şərtlərinin sərtləşdirilməsi ticarət dövriyyəsinə və alıcılıq qabiliyyətinə təsir göstərəcək. Çünki, insanlar vəsaitləri həm banklardn, həm də lombardlardan məhz istehlak məqsədilə istifadə edirdilər. Kreditləşmənin azalması ticarət dövriyyəsinə, ticarət balansına və insanların alıcılıq qabiliyyətinə təsir göstərəcək və bu sahədə azalmalar müşahidə edəcəyik".
Banklara qoyulan məhdudiyyətdən sonra
lombarlara tələbatın artdığını deyən iqtisadçı Qadir İbrahimli də
lombardlarda kredit verilməsi ilə bağlı şərtlərin
sərtləşdirilməsini onların özlərini problemli müştərilərdən qorumaq
məqsədilə həyata keçirildiyini əlaqələndirir: "Banklarda arayışsız
kreditlərin verilməsi dayandırıldıqdan sonra insanlar lombardlara
üz tutmağa başladılar. Yəni, xırda həcmli, 1000-2000 manatlıq
istehlak kreditləri üçün artıq lombard xidmətlərindən istifadəyə
yönəldilər. Bu da təbii ki, lombardlara tələbatın artmasına
gətirib çıxardı. Belə bir vəziyətdə lombardlar ona görə kredit
şərtlərini sərtləşdirdilər ki, problemli müştərilər onların
xidmətlərindən istifadə etməsinlər və onlarda da banklardakı
vəziyyət yaranmasın".