"Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi ilə bağlı bütün rəylər verilib

24 Fevral 2014 19:29 (UTC+04:00)

"Parlamentin yaz sessiyasının gündəliyinə salınan "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi ilə bağlı məsələlər artıq son mərhələdədir. Artıq qanun layihəsi ilə əlaqədar bütün rəylər verilib. Hazırda qanun layihəsi Müdafiə Nazirliyindədir. Gələn həftə sənəd Nazirlər Kabinetinə daxil olacaq, orada da baxıldıqdan sonra isə parlamentə göndəriləcək".

Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin 1-ci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Vitse-spikerin sözlərinə görə, proses başa çatdıqdan sonra layihə Təhlükəsizlik və müdafiə komitəsində müzakirəyə çıxarılacaq və bundan sonra parlamentin plenar iclasına tövsiyə olunacaq: "Qanun layihəsi parlamentə daxil olduqdan sonra ümumiləşdiriləcək, rəylərə baxılacaq. Yalnız bundan sonra qanun layihəsi haqqında hansısa söz deyə bilərəm".

Qeyd edək ki, "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsində hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı kimi məsələlər də əksini tapıb. Layihədə hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, qanun layihəsi 2012-ci ilin yaz sessiyasından bəri hazırdır və rəy verilməsi üçün müvafiq qurumlara göndərilib.