Azərbaycan prezidenti “Şahdəniz”in istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb

25 Fevral 2014 23:12 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Movqe.az-ın məlumatına görə, sərəncamda deyilir: "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində (bundan sonra - Layihələr) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı və digər maliyyə öhdəliklərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə Azərbaycan prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının təklifini nəzərə alaraq qərara alıram:
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nizamnamə kapitalı 100 (yüz) milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə ARDNŞ-ə məxsus olan qapalı səhmdar cəmiyyətini (bundan sonra - Cəmiyyət) təsis etməklə layihələrin səmərəli idarə olunmasını təmin etsin;



- Layihələrdəki iştirak paylarının Cəmiyyətə keçməsini təmin etsin.



Azərbaycan Respublikasının Dövlət Neft Fondu Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsini təmin etsin;



- Cəmiyyətə Layihələr üzrə bu sərəncama əsasən keçən iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilməsini təmin etsin.



- Dövlət Komissiyası təyin etdiyi nümayəndələr vasitəsi ilə Cəmiyyətin Müşahidə Şurasında təmsil olunsun.



- Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilsin və həmin səhmlər üzrə dividentlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülsün.



- Sərəncama əsasən, Cəmiyyətə investisiya edilən vəsait tam geri qaytarılanadək Cəmiyyətin bütün Layihələrdən əldə etdiyi gəlir Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülsün.



- Dövlət Komissiyası sərəncamdan irəli gələn məsələləri həll etsin".