İdarə rəisindən Suriyaya gedən gənclərlə bağlı - SOS siqnalı-Özəl

26 Fevral 2014 12:10 (UTC+04:00)
Azərbaycanda gənclərin Suriyaya cihada getmələrinin qarşısını alınması üçün orta məktəblərin yuxarı siniflərində din tədrisinə başlanılmalıdır. Bu sözləri Movqe.az-a Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov bildirib. R. Abbasov Azərbaycanda müxtəlif dini təriqətlərə qoşularaq Suriyaya gedənlərin dini biliklərinin az olmasının təsirinin böyük olduğunu  söyləyib: "Bu cür təriqətlərə qoşularaq aldanan gənclərimiz dini bilikləri az olduqlarından səhv yola düşürlər. Bu sayın artmasının qarşısını almaq üçün təcili dini marifləndirici tədbirlərə start verilməlidir. İşə əsasən orta məktəblərin yuxarı siniflərində dinin tədrisindən başlamaq lazımdır. Yeniyetmələrə məktəbdən dini bilgilər verilməlidir ki, onlar bu cür radikal dini cərəyanların təsiri altına düşərək aldanmasınlar. Onlara cihadın vətən uğrunda ölmək olduğunu, Mübariz İbrahimovun timsalında başa salmaq lazımdır. Televiziyalarda təcili dini marifləndirici veriləşlər açılmalıdır. KİV-də mətbuatda dinin təbliği, marifləndirici istiqamətdə aparılmalıdır".