Sürücülüyü öyrənmək üçün təlim meydanları tapılmır

26 Fevral 2014 18:36 (UTC+04:00)

Bilindiyi kimi son illərdə ölkə ərazisində avtomobillərin sayı xeyli artıb. Bu fonda o da bir həqiqətdir ki, bütün sürücülər peşəkar deyillər. Elə təcrübəsizlikdən irəli gəlir ki, tez-tez müxtəlif yol-nəqliyyat hadisələri baş verir. Və bir çox hallarda bunun acı nəticələri olur. Əvəllər sürücülük vəsiqəsini almaq üçün insanlar təlimlər gedirdilər. İndi isə şəhərdə təlim meydanlarının say xeyli azalıb.  

Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərov şəhərdəki təlim meydanlarının dövlət ehtiyatları üçün istifadə olunduğunu deyir: "Getdikcə təlim meydanlarında dövlət ehtiyatları üçün istifadə olunur. Əvvəllər "Gənclik" metrosunun  ətrafında və bir çox yerlərdə olan təlim meydanları müxtəlif tikintilərlə bağlı alındığından,  təlim meydanı kimi istifadə olunan  ərazilər məhdudlaşır. Bundan başqa əvvəllər sırf təlimlə məşğul olan  müəssisələr var idi. Onların həm təlim maşınları var idi, həm də müəyyən təlim meydanları onların səlahiyyətində idi. Həmin müəssisələr ləğv olunanda, ya statusu dəyişəndə, təlim meydanları da onlarla bərabər yoxa çıxdı. 

Hal-hazırda ayrı-ayrı təlimçilər tərəfində sınaq üçün uyğun olan başqa ərazilərdən istifadə olunur. Axtarıb belə boş ərazilər tapmaq mümkündür. Lakin çox çətindir. Hesab edirəm ki, şəhərin müxtəlif tərəflərində təlim meydanlarının salınmasına ehtiyac var. Maşınların, dolayısı ilə sürücülərin sayı artdıqca, onların öyrənməsi üçün təlimə də ehtiyac yaranır. Nəzərə alsaq ki, ildə təxminən 20 min insan sürücülük vəsiqəsi alır, demək təlimlərə də tələbat var". 

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov da Mövqe.az-a  verdiyi açıqlamada maraqlı məqamlara toxunub: "Bu gün şəhərin mərkəzi yolları ilə təlim keçmək isə qeyri-mümkündür. Çünki, tıxaclar buna imkan verməz. Təlim meydanlarının olmaması bu işin həyata keçirilməsində ciddi çətinliklər yaradır. Amma ayrı-ayrı şəxsi maşınlaran istifadə olunur. Meydançalar olmadığına görə isə, onlarla öyrənmək də çətin olur. Təcrübə meydançaları mütləq olmalıdır. Bu gün şəhərdə maşınların çoxluğu, yolların həddindən artıq yüklü olması təlim üçün fəaliyətə maneələr törədir. Bu səbəbdən dövlət tərəfindən və ya hansısa təşkilat tərəfindən mütləq bu işlə bağlı  bir tədbir görülməlidir. Çünki, doğurdan da sürücülərin təcrübəsizliyi bu gün çoxlu sayda qəzaların baş verməsinə səbəb olur".