Təbriz komandası qələbə qazandı - Asiya Çempionlar Liqasında

26 Fevral 2014 22:28 (UTC+04:00)
Futbol üzrə İran çempionatında mübarizə aparan Təbrizin "Traktorsazi" komandası Asiya Çempionlar Liqasında ilk oyununa çıxıb. Movqe.az-ın verdiyi məlumata görə, Təbriz klubu bu gün saat 16:30-da "Səhənd" stadionunda Səudiyyə Ərəbistanının "əl-İttihad" komandasını qəbul edib. Qarşılaşmanın ilk hissəsi bərabər mübarizə şəraitində keçib, hətta "Traktorsazi" oyunu azlıqda davam etdirib. Belə ki, Təbriz komandasının oyunçusu Əli Kərimi 59-cu dəqiqədə ikinci sarı kart alaraq, qırmızı vərəqə ilə cəzalandırılıb. Ancaq Toni Oliveyranın yetirmələri oyundan üç xalla ayrılmağa nail olublar. Qarşılaşmanın 82-ci dəqiqəsində Kərim Ənsarifərd Təbriz komandasına qələbə gətirən yeganə qola imza atıb – 1:0. Qarşılaşmanı 50 min azarkeş izləyib. Qeyd edək ki, Təbriz klubunun Asiya Çempionlar Liqasının C qrupundakı digər rəqibləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin komandalarıdır.