Müəllimlər üçün “Təhsildə interaktiv texnologiyalar - 2014” adlı müsabiqə elan edilib

27 Fevral 2014 10:24 (UTC+04:00)

Təhsil Problemləri İnstitutu və "DYMO/Mimio" (ABŞ) şirkətinin Azərbaycandakı Rəsmi Nümayəndəliyi - "Smart Technologies" şirkəti Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş "İnteraktiv texnologiyalar və müasir təhsil - 2014" elmi - praktik konfrans çərçivəsində "Təhsildə interaktiv texnologiyalar - 2014" müsabiqə elan edir.

 

TPİ-dan APA-ya verilən xəbərə görə, "Təhsildə interaktiv texnologiyalar - 2014" müsabiqəsinin keçirilməsində məqsəd əldə edilmiş təcrübənin paylaşılması, bunun əsasında aktual məsələləri analizi, yaradıcı və metodiki yeniliklərin nümayişi, interaktiv lövhə vasitəsi ilə yeni təlim metod və formaların tətbiqi, eyni zamanda tədris prosesində yeni interaktiv texnologiyaları fəal tətbiq edən təşəbbüskar müəllimlər icmasının inkişafı və bu sahədə pedaqoji kadrların peşəkarlıqlarının artırılması, interaktiv avadanlıqla bağlı innovativ pedaqoji təcrübənin geniş yayılması və onun müəllimlərin gündəlik fəaliyyətində tətbiqidir. Müsabiqədə məktəbəqədər, orta, peşə ixtisası, ali, əlavə və inkluziv təhsil üzrə müəllim və mütəxəssislər, bütün növ təhsil müəssisələrində çalışan mütəxəssislər, tələbələr iştirak edə bilər. Layihələr bütün fənlər üzrə qəbul olunur. Müsabiqədə iştirak üçün iş bir müəllif və ya müəlliflər qrupu tərəfindən təqdim oluna bilər.

 

Müsabiqəyə bir müəllif və ya müəlliflər qrupu tərəfindən ancaq bir layihə təqdim oluna bilər. Müəlliflər qrupunun tərkibi isə üç nəfərdən artıq ola bilməz. Müsabiqədə iştirak etmək üçün müraciət və müsabiqə materialları (rəqəmsal interaktiv dərs layihəsi və interaktiv dərs qurulmasının planı) 5 aprel tarixindən gec olmayaraq Təşkilat Komitəsinə (Azərbaycan, Bakı şəhəri, Xətai prospekti, 38, AZ1008) çatdırılmalıdır. Materiallar şəxsən, yaxud Azərbaycan Dövlət Poçt vasitəsi ilə Təşkilat Komitəsinə təqdim olunmalıdır. Müəllimlərin nəzərinə çatdırılır ki, elektron poçt vasitəsi ilə göndərilən materiallar müsabiqəyə qəbul olunmayacaq, müsabiqə qaydalarına və tələblərinə cavab verməyən materiallara baxılmayacaq. Müsabiqəyə təqdim olunan materiallara rəy verilmir və göndərilən materiallar geri qaytarılmır.

 

Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ seçim, ikinci mərhələ isə yekun mərhələsi (əyani keçirilir) olacaq. Müsabiqəyə 1 mart tarixindən start verilir.