Tələbə kreditlərinin yeni şərtləri açıqlandı

27 Fevral 2014 10:50 (UTC+04:00)

Bir tələbə il ərzində 60 kredit verməlidir. Hər kreditsə 30 dərs saatına bərabərdir. Tələbə, məcburi fənlər müstəsna olmaqla, fənləri, həmçinin müəllimləri də müstəqil seçir. Ali məktəb tədris olunan fənnin semestr üzrə proqramını, mühazirə mətnlərini özü də həmin materialların elektron variantını tələbələrə verməyə borcludur. Yeni qaydalara görə məktəblərdə tuydoslar yəni məsləhətçi müəllimlər olacaq ki, tələbə kreditlə bağlı istənilən məsələni ondan soruşa və məsləhət ala bilsin. Bütün bu üstunlükləri əldə edən tələbə isə, bir semestrdə akademik borcuna görə pul verməyəcək. Yalnız kredit borcunun həcmi 30-u keçdikdə, hər yeni kredit borcuna görə ödəniş edərək yenidən imtahan verəcək. 


Təhsil ekspertləri isə deyir ki, təhsilimiz bu yenilikləri tam tətbiq etməyə hələ ki, hazır deyil. Ən azından tələbədən yüksək nəticə gözləyənlər əvvəlcə tədris kitablarını, proqramları, ən əsası isə sovet ideologiyasından hələ də çıxa bilməyən müəllim və professorları bu sistemə uyğunlaşdırmalıdır. 


Yeni qaydalar bu aydan bütün ali məktəblərdə tətbiq ediləcək. Tələbə kredit borcuna görə məktəbdən xaric olunmayacaq və istədiyi vaxtda onu ödəyə bilər. Bu sistemlə təhsil alan tələbə istənilən təhsil sənədini ən əsası diplomunu kredit sistemi tətbiq olunan istənilən ölkədə təqdim edə biləcək. Çünki kredit sistemi vahid tədris məkanı deməkdir.