Cəbhədə minaya düşmüş Azərbaycan zabitləri Mərkəzi Hərbi Kliniki Hospitala yerləşdirilib

11 İyun 2012 18:51 (UTC+04:00)

Goranboyda minaya düşmüş Müdafiə Nazirliyinin zabitləri – kapitan İlqar Verdiyev və Zahir Məmmədov Bakıda Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalına yerləşdirilib.

APA-nın əldə etdiyi məlumata görə, hospitalın reanimasiya şöbəsinə yerləşdirilmiş İ. Verdiyevin vəziyyəti ağır olaraq qalır.

Yaralılar günorta saatlarında helikopterlə Sarıcalı hospitalından Bakıya gətiriliblər.

Qeyd edək ki, hadisə iyunun 9-dan 10-na keçən gecə baş verib. Əvvəlcə hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi Zahir Məmmədov minaya düşüb. Yaralı zabiti götürmək üçün ona yaxınlaşan mühəndis-istehkam bölüyünün komandiri İ. Verdiyev ikinci minanın partlaması nəticəsində yaralanıb. İ. Verdiyevin sağ qolu, Z. Məmmədovun isə ayağı amputasiya olunub.