Küçə ticarətini hələ də tam yığışdırmaq mümkün olmayıb

27 Fevral 2014 15:26 (UTC+04:00)

Bilindiyi kimi, ölkədə küçə ticarətinə birmənalı olaraq qadağa qoyulub. Lakin hələ də şəhərin bir çox yerlərində, yol kənarlarında, küçələrdə müəyyən məhsulların satışının həyata keçrildyinə rast gəlmək olar.  Bu, qoyulan qadağanın pozulmasından əlavə, bəzi hallarda sanitariya qaydalarına da əməl olunmamasına gətirib çıxarır. Məsələn, smit və bulka satşını buna misal göstərmək olar. 

Açıq şəkildə satılan qidaların insan orqanizmində toksiki təsirə malik ola biləcəyini deyən həkim ekspert Adil Qeybulla Mövqe.az-a açışlamasında küçə ticarətinin səbəb ola biləcəyi təhlükələrdən danışdı: "Küçə ticarətinin təhlükəli tərəfi sanitariya normalarının pozulmasıdır. Burada Günəş şüalarının zərərli təsiri, ərzaqların üzərində toz qatının əmələ gəlməsi və s. müxtəlif infeksiyaların yaranması riskini yaradır. Bakı kimi bir şəhərdə bu risk daha realdır. Ona görə də, nəzərə almaq lazımdır ki, bəzi məhsullar Günəş işığından qorunmalıdır. Çünki bəzi məhsulların tərkibi Günəş işığının təsirindən dəyişə bilir. Bir çox hallarda uzun müddət açıq şəkildə saxlanan qidalar xarab olaraq istifadəyə yararsız hala düşür. Bəzilərinin tərkibində Günəş şüalarının təsirindən  zərərli maddələr əmələ gələ bilir. Təsadüfi deyil ki, bəzi məhsullar  zavodda standartlara uyğun olaraq hazırlananda adətən tünd qablarda saxlanılır. Bunlar məhsulun tərkibinin uzunmüddətli Günəş işığından parçalandığına, zərər gödüyünə görə həyata keçirilir. Təhlükə bəzi içkilərə, xüsusən şirələrə də aiddir. Küçə ticarətində isə bununla bağlı gigiyenik normalara əməl edilə bilmir. Ona görə də, ərzaq öz yararlılıq müddətindən əvvəl xarab olur və ya tərkibində zərərli toksiki maddələr əmələ gələ bilir. Bu baxımdan da, küçə ticarətinin qadağan olunması vacibdir. Məsələn, küçədə açıq şəkildə ət satışı həyata keçirilir ki, bu tamamilə sanitariya qaydalarına ziddir. Onun üzərinə milçəklər qonur, toz olur və s. Bu, elə qidadır ki, tez müddətdə xarab ola bilir. Eləcə də digər məhsullar. İstənilən halda küçə ticarəti tamamilə dayandırılmalı və ərzaq məhsullarının saxlanması qaydası, ümumiyyətlə, dövriyyəsi prosesi konkret standartlara cavab verməlidir. İstehsalından tutmuş, saxlanma yerləri, satışa çıxarılması hər biri konkret parametrlərlə həyata keçirilməlidir".

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məsələ ilə bağlı tədbirlərin davam etdiyini deyərək qeyd etdi: "Bakı Şəhər Ticarət  və Xidmət Departamentinin qarşısında duran ilk məqsəd küçə ticarətinin həyata keçirilməsinin tamamilə qarşısını almaqdır. Elə indi də  bu sahədə tədbirlər davam edir. Görülən işləri il boyu  davam etdiririk. Harada qeyri-qanuni fəaliyyət göstərən obyektlər varsa, biz onların ləğvinə çalışacağıq və bu gün də bu istiqamətdə işimizi qurmuşuq. Şəhərin ucqar yerlərində belə obyektlər varsa, bizə hər hansı bir müraciət daxil olarsa və onların qeyri-qanuni fəaliyyət göstərməsi aşkar edilərsə, biz o obyektləri qanuna zidd sayaraq yığışdırırıq. 

Küçə ticarəti ilə məşğul olanlar üçün vaxtilə "Yaşıl bazar", "Keşlə bazarı" kimi yerlər açılmışdı. Ora köçən insanlar hal-hazırda fəaliyyətlərini orda davam elətdirirlər. Heç bir narazılıqları yoxdur və tam razıdılar. Buna baxmayaraq, hal-hazırda küçə ticarəti müəyyən şəkildə davam etsə də, əvvəlki illərə nisbətən çox azalıb. Qalan halların aradan qaldırılması üçün də çalışırıq".