Suriyadan gələn təhdid səngimir

28 Fevral 2014 10:02 (UTC+04:00)

Suriyada artıq üç ildir davam edən vətəndaş müharibəsi tək buradakılara yox, başqa ölkələr üçün də təhlükə mənbəyi olaraq qalır. Xüsusən də döyüş üçün ora getmiş insanların geriyə qayıdışı ciddi təhdid sayılır. Artıq Almaniya bununla bağlı həyacan təbili çalır. Berlində Konstitusiya müdafiəsi üzrə Federal idarənin rəhbəri Hans-Qeorq Maasen keçirdiyi mətbuat konfransında bildirib ki, Almaniya təhlükəsizlik xidməti Suriyada radikal qruplaşmanın üzvü olanların Almaniyaya qayıtmasından narahatdır: "Almaniyada terror təhlükəsinin səviyyəsi artıb. Almaniya Təhlükəsizlik xidməti islamçıların vətənlərinə qayıdıb buradakı müsəlmanları radikallamaya cəlb edəcəyindən qorxur".

Ekspertlərin qənaətinə görə, oxşar təhlükə Azərbaycan üçün də gözlənilə bilər. Çünki, hazırda Suriyada muzdlu döyüşçülər arasında azərbaycanlıların olması danılmır. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay bildirir ki, döyüşən bütün insanlar ölkə üçün təhlükə yaratmır: "Hərbçilər, polislər qanun çərçivəsində döyüş aparır. Bunlar qanun əsasında dövlətin mənafeyi üçün döyüşə atıldıqlarından, mənəvi tərəfdən safdırlar. Onlar cəmiyyətdə o hərəkətləri təkrar etmirlər. Harda bunu etməyi bilirlər. Amma Suriyaya gedib qətl törədilməsinə digər dünya ölkələrində olduğu kimi Azərbacyan qanunları da icazə vermir. Onlar bunu Vətən, cəmiyyətimiz uğrunda etmirlər. Belə qətl törədən insanlar öz cəmiyyətlərində də oxşar hadisələri törətməyə qadir olurlar. Ona görə də bu insanlar ölkəmizə qayıtdıqdan sonra onların hansısa radikal addımlar atılmasına cəhd edəcəkləri istisna deyil. Onlar artıq bu yolu keçiblər. O mənada bizim üçün də təhlükələr olacaq".

İlqar Altay hesab edir ki, gedənlərin hamısı xüsusi xidmət orqanlarının qeydiyyatında və nəzarətində olmalıdır: "Çünki, onlar ölkəmizdə potensial qətl səviyyəsində pozuntu yarada bilən ünsürlərdir. Gələndən sonra onlarla maarifləndirmə işləri aparılmalıdır. Psixoloq və hüquqşünaslar onlara xüsusi mühazirələr oxumalıdır. Ümumiyyətlə, ən yaxşısı budur ki, Azərbaycan dövlətinin icazəsi olmadan vətəndaşlarımızın hansısa motivlə istifadə edilməsinin qarşısını ala biləcək qanun tətbiq edilsin. Hərbçimiz cəbhədə düşmən öldürürsə, bu, qətl sayılmır. Amma həmin hərbiçimiz Azərbaycandan icazəsiz qətl törədirsə, qətl hesab olunur. Ona görə ki, bu qətlin gələcəkdə Azərbaycan cəmiyyətinə və özünün psixologiyasına böyük təhlükəsi var".

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev bildirir ki, terrordan heç bir ölkə sığortalanmayıb: "Həmin insanlar geri Azərbaycana qayıdanda terror yox, hansısa fəsadlar yaratma ehtimalları var. Müharibə görmüş insanın xarakteri ilə dinc ömür sürən insanların xarakteri uyğun gəlmir. Müharibə görmüş insanların xarakterində adekvat reaksiyanın güclü olması var. Bu nöqteyi- nəzərdən onlarla rəftarımıza diqqət etməliyik. Onları həbsə atmaq da düzgün deyil. Onların xarakterik xüsusiyyətləri yol verə bilər ki, bizim sakit qarşılayacağımız hadisələrə onlar kəskin reaksiya versinlər".

Mahmud Hacıyev bildirir ki, onların nəzarətdə saxlanılmasını açıq şəkildə bəyan etmək düzgün deyil: "Çünki, şəxsin xüsusi xidmət orqanları tərəfindən nəzarətdə saxlanılması onun Konstitusiya hüquqlarına ziddir. Ancaq dövlətçilik nöqteyi-nəzərindən məsələyə yanaşmaq lazımdır. Yəni, onlar gələndən sonra nəzarətdə saxlanılmalıdırlar. Şablon vəziyyətdə hamısını tutmaq düzgün olmazdı. Onların orada vuruşması mütləq qaydada sübut olunmalıdır. Suriyada vuruşması onların həbsinə əsas vermir. Heç həbsə lüzum da yoxdur. Onların hamısı dindar insanlardır. Son vaxtlarda da Azərbaycanda dinə meyllik artıb. Odur ki, onlarla sadəcə, çox ehtiyatla davranmaq lazımdır".