Aslan Aslanov: "Bu məsələ qalıb onların insafına, kişiliyinə"

28 Fevral 2014 15:59 (UTC+04:00)
Azərbaycanda ət satışı ilə bağlı son vaxtlar üzə çıxarılan faktlar hər birimizi ət aldıqda diqqətli olmağa vadar edir. Amma görünən odur ki, alıcıların diqqətli olması da bəzən onların köməyinə çatmaya bilər. Çünki bazarda köhnəlmiş, çürümüş, qaralmış ətlərlə yanaşı üzdən keyfiyyətli, amma mal əti adı altında təqdim olunsa da başqa iribuynuzlu və təkdırnaqlı heyvanların da əti satılır. Məsələn, bu gün alıcı üçün satışdakı ətin inək yaxud camış ətini ayırd etməsi çətindir. Çünki qəssablar camış əti satsala belə ətin məhz qaramal əti olduğunu qeyd etmirlər. Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi  Aslan Aslanov Movqe.az-a açıqlamasında bildirib ki, rayon baytarları bu məsələyə diqqət yetirsələr də, məsələ qalıb qəssabların insafına: "Əslində hər heyvanın əti öz adı altında satılmalıdır. Amma bəzən elə hallar olur ki, camış ətini dana əti adı altında satırlar. Bu xətadır. Belə halların qarşısını baytarlar alırlar. Amma yenə də bu məsələ qalıb onların insafına, kişiliyinə. Kişiliyi olan insanlar belə etməz. Əslində onların hər ikisi iribuynuzlu heyvandır. Amma bizim mentalitetdə camış əti yemək bir az yaxşı qəbul olunmur. Amma camış əti də zərərli ət deyil. Bununla belə hər bir ət öz adı altında satılmalıdır".