Pasientlərin hüquqları ilə bağlı qanundan hələ də xəbər yoxdur

28 Fevral 2014 17:42 (UTC+04:00)

Bəzi hallarda xəstələr şikayət edirlər ki, hansısa həkim ona səhv diaqnoz qoyub və nəticədə səhv müalicə aparıldığından, nəinki xəstənin mövcud problemi həll olunmayıb, hətta şəxs başqa xəstəliyə də mübtəla olub. Belə hallarda xəstənin hüququnun qorunması da aktual məsələ kimi önə çıxır. 

Belə hallara qarşı mübarizə və pasientlərin hüquqlarının bərpası kimi önəmli məsələlər "Pasientlərin hüquqları haqqında" qanun layihəsində nəzərdə tutulub.  Qanun layihəsi xəstənin razılığı olmadan ona hər hansı bir tibbi müayinə və müdaxilənin edilməsinin də qarşısının alınmasını özünə ehtiva edir.  Layihəyə əsasən, həkim və xəstə münasibətlərində yaranan anlaşılmazlıqlar və digər məsələlər hüququ müstəvidə həllini tapacaq. Lakin "Pasientlərin hüquqları haqqında" qanunun qəbulunun haçan olacağı hələ bilinmir. 

Hüquqşünas Aytəkin İmranova sözügedən qanunun cəmiyyətdə də müzakirə olunduqdan sonra qəbulunun tərəfdarıdır: "Necə ki, bir istehlakçı kimi aldığımız məhsul keyfiyyətsiz çıxdıqda onu qaytarmaq, müştəri haqqını tələb etmək hüququ varsa, eyni zamanda hər bir vətəndaşın ödədiyi məbləğ qarşılığında düzgün müalicə almaq hüququ var. Bunlar eyni çəkidə deyillər. İnsan sağlamlığı daha önəmlidir. Əgər aldığın məhsulu keyfiyətsiz çıxdıqda geri qaytara bilirsənsə, səhv diaqnoz ilə müalicə olunarkən itirilmiş sağlamlığı heç cür qaytarmaq mümkün deyil. 

Bir sıra hallarda heç tibbi sahədə istedadı olmayan insanlar bu sahəyə üz tuturlar. Yaxşı həkimlərlə bərabər, savadsız, məsuliyyətsiz həkimlər də var. 

Bildiyiniz kimi, bu yaxınlarda həkimlər attestasiya imtahanından keçirildilər. İmtahan verən həkimlərin müəyyən hissəsi çoxu attestasiyadan keçə bilmədi. Elə bu səbəbdəndir ki, insanlar müalicə üçün bir çox hallarda xarici ölkələrə üz tuturlar. Bəziləri isə türkəçarə vasitələrlə özləri dərdlərinə çarə tapmağa çalışırlar.  

Xəstə hüquqları ilə bağlı qanunun qəbul olunması, əlbəttə yaxşı olardı. Lakin məsələ gərək geniş müzakirəyə çıxarılsın. Hər tərəfi düşünülsün. Qəbul olunacaq qanunun maddələri haqda televiziya kanallarında, digər KİV-lərdə əhaliyə məlumat verilsin və ictimai rəy öyrənilsin. İctimai rəy də öyrənildikdən sonra tətbiqi düşünürəm ki, məqsədəuyğun olardı. Həyat insana sadəcə bir dəfə verilir. Həkimlər gödükləri işdə məsuliyyətli olmalıdırlar. Qanun qəbul olunduqdan sonra, bəlkə də məsələyə daha ciddi yanaşılar". 

Tibb elmləri doktoru Adil Qeybulla isə belə bir qanuna ehtiyac olmadığını düşünür: "Mən hesab edirəm ki, bu qanuna ehtiyac yoxdur. Bütün dünyada həkim-xəstə münasibətləri var. Digər dövlətlərin heç birində "Pasientlərin hüquqları haqqında" qanun yoxdur. Xarici dövlətlərin hər birində tibb işçiləri ilə pasientlərin münasibətlərini tənzimləmək üçün sadəcə olaraq, kodekslər var. Bizdə də belə bir kodeks olmalıdır və sadəcə olaraq, bu sahədə həkimlər öz peşəkarlıqlarını artırmalıdırlar. 

Hər şey həkimlərin peşəkarlığından və ya naşılığından asılı deyil. Müalicənin effekt verməsi üçün orqanizmin də böyük rolu var. Hər hansı bir xəstəyə edilən müalicənin nəticəsiz qalması o demək deyil ki, həkim səhv edib, o savadsızdır. Burada orqanizmin də qüsurlu olub-olmadığını nəzərə almaq lazımdır. Bunların hər biri düzgün dəyərləndirilməlidir. Bu dəyərləndirməni isə hüquq-mühafizə orqanlarının aparması düzgün deyil". 

A. Qeybulla Azərbaycanda bu məsələlərin həddindən artıq ictimailəşdirilməsindən də  şikayətləndi. Ekspertə görə, məsələnin ictimailəşdirilməsi cəmiyyətdə həkimlərə qarşı böyük inamsızlığın yaranmasına səbəb olur: "Bir də ki, hər hansı bir narazılıqda həkimləri günahlandırmaq düzgün deyil. Elə xəstələr var ki, onlar hüquqlarından sui-istifadə edirlər. Dəfələrlə şahidi olmuşam ki, xəstə əməliyyat olunduqdan 2-3 gün sonra gəlib həkimlə mübahisə edir. "Mənim ağrılarım var. Sən məni düzgün müalicə etməmisən, pulumu qaytar". Verməyəndə də gedib, polisə şikayət edir".

Tibb elmləri doktoru pasientlərlə yanaşı, həkimlərin də hüquqlarının qorunmasını vacib hesab edir. "Həkimlərin də vəkilləri olmalıdır. Sui-istifadələr zamanı həkimlərin də hüquqları qorunmalıdır. İndi belə bir fikir də var ki, bu qanun qüvvəyə minərsə, həkimlər ağır xəstələrdən qaça, böyük məsuliyyətdən çəkinə bilərlər. Həmçinin xəstələrin də bu qanundan sui-istifadə etməsi istisna deyil".