Ukrayna prokurorluğu Yanukoviçin ekstradisiyasına başlayıb

28 Fevral 2014 23:39 (UTC+04:00)
Ukrayna baş prokurorluğu sabiq prezident Viktor Yanukoviçin ekstradisiyası proseduruna başladığını bəyan edib. Movqe.az-ın məlumatına görə, bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb. "Ukrayna vətəndaşı Viktor Yanukoviçin Rusiyanın Rostov-na-Danu şəhərində mətbuat konfransı keçirməsi Yanukoviçin Rusiyada olmasını təsdiqləyən rəsmi faktdır. Ona görə də Yanukoviçin ekstradisiya edilməsi ilə bağlı Rusiya baş prokurorluğuna müraciət etmişik və yaxın vaxtlarda müsbət cavab gələcəyinə ümid edirik", deyə məlumatda bildirilir. Qeyd edək ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç bu gün Rusiyanın Rostov-na-Danu şəhərində mətbuat konfransı keçirmişdi. Fevralın 24-də isə Yanukoviç qəsdən adam öldürmə maddəsi ilə rəsmi şəkildə beynəlxalq axtarışa verilib.