DİN işçi qəbulu elan edib

1 Mart 2014 13:02 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə, Masallı və Sabirabad "ASAN Xidmət" mərkəzlərində DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə kiçik (müqavilə hesablı) rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə Bərdə, Masallı və Sabirabad rayonlarında yaşayan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini başa vurmuş (kişilər üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 170 santimetrdən (qadınlar üçün 160 santimetrdən) hündür olan, ali təhsilli, kompüterdən istifadə etməyi bacaran Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün vətəndaşlardan mart ayının 1-dən 30-dək şənbə, bazar və bayram günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək (012) 590-94-59, (012) 590-91-60 nömrəli telefonlarla DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə müraciət etmələri xahiş olunur.