“Nargis” artıq Tiflisdə də tanınacaq

2 Mart 2014 11:02 (UTC+04:00)
Tiflisin Tarix Muzeyində ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycanda nəşr olunan "Nargis" jurnalının təqdimatı keçirilib. Movqe.az xəbər verir ki, mərasim iştirakçılarına jurnalın əsasən qadın oxucular üçün nəzərdə tutulduğu və onun yaranması ideyasının təxminən iki il əvvəl meydana çıxdığı bildirilib. "Nargis"in təsisçisi Ülviyyə Rəhmanova jurnalistlərə deyib: "Nəşrin ərsəyə gəlməsi üçün xeyli əmək sərf etdik və tezliklə uğur qazandığımıza, oxucular arasında populyarlıq tapdığımıza görə şadam". Ü.Rəhmanova Gürcüstanı sevdiyini və jurnalın təqdimatının bu ölkənin paytaxtında keçirilməsindən məmnun olduğunu vurğulayıb. Aktyor İa Parulava "Nargis"in Gürcüstanda təqdimatını alqışlayıb, jurnalda maraqlı məqalələrin, fotoların olduğunu, mədəniyyət, incəsənət və başqa sahələrə aid sanballı yazılara, qadınlar üçün çox maraqlı məsləhətlərə yer verildiyini bildirib. Mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn də iştirak edib.