Narkoz ölüm dadırmı?
2 Mart 2014 15:30 (UTC+04:00)
Mütəxəssislər deyirlər ki, əməliyyatdan qabaq özünüzü
yaxşı yoxlatdırın.
Günümüzün sağlamlıq problemləri içərisində cərahiyyə əməliyyatları
xüsusi yer tutur. Bəzən həkimlərin müalicədən qabaq tələsik
əməliyyat qərarı verməsi isə adi hala çevrilib. İndi xəstə
əməliyyatın vacibliyi barədə fikirləşsin, yoxsa əməliyyat xofu ilə
"savaşsın"? Əlbəttə ki, bu vəziyyətdə xəstənin psixoloji durumunu
fikirləşən çox az adam tapılacaq.
Movqe.Az bildirir ki, "Qafqazinfo" narkoz barəsində mövcud miflərə
aydınlıq gətirib.
Narkoz olmasaydı...
İnsan sağlığının qiymətini bilməyəndə, bu biganəlik onu əməliyyat
stoluna qədər apara bilir. Qaçılmaz olan cərrahiyyə əməliyyatına
girən hər kəsi yalnız bir məsələ narahat edir. Görəsən, ağrım
olacaqmı? Narkozdan ayılacağammı? "Birdən əməliyyat zamanı
ayılaram". Normal hesab olunan narahatlığın isə əslində heç bir
əsası yoxdur. Çünki bu məsələ həkim komandasını da bir o qədər
narahat edir. Həkimlər arasında narkoz haqqında maraqlı fikir də
gəzir. "Nə yaxşı ki, narkoz var, xəstə danışmaqla bizə mane
olardı".
Narkozun və ya tibbi dillə desək, anesteziyanın tarixi XIII əsrə
gedib çıxır. İlk dəfə ispan təbib R. Lilliy efiri icad edib.
1846-cı ildə isə ABŞ-ın Boston klinikasında Ulyam Tomas Morton
narkoz verərək xəstənin əməliyyatını keçirib. Elə narkozun da
tarixi bu zamandan hesablanır. Bir an narkozsuz əməliyyat barədə
fikirləşmək belə dəhşətli olardı.
Müasir anesteziologiya xeyli inkişaf edib, hətta istifadə olunan
dərman preparatları daha da təkmilləşdirilmiş, demək olar ki, insan
orqanizminə zərərli deyil. Hər halda mütəxəssislər belə
deyirlər.
Narkozdan ölmək mümkündürmü?
Narkoz barədə yayılmış doğru və ya yalnış məlumatlar var. Misal
üçün, narkoz verilən insan sonrakı həyatında əsəbi olur, narkoz çox
veriləndə beyin "quruyur", narkoz veriləndə adam o biri dünyana
gedir, sonra qayıdır, narkozdan sonra qusma xeyirlidir və s.
Narkozun kimə və hansı dozada verilməsini bu işi görən
anestezioloqlar bilirlər. Elə hamını narahat edən suallara da şəhər
xəstəxanalardan birinin təcrübəli
anestezioloquEldarhəkim cavab verir. Mütəxəssis
həkim əvvəlcə bizi el arasında daha çox "narkoz" kimi istifadə
olunan anesteziya haqqında məlumatlandırır.
"Cərahiyyə əməliyyatı yüngül və ağır ola bilər. Elə buna görə də
xəstəni ağrılardan azad etmək üçün anesteziyadan istifadə olunur.
Bu isə müxtəlif formada baş verir. Narkoz "dərin yuxu" deməkdir.
Anesteziya bir neçə formada olunur. Kiçik əməliyyatlarda yerli
(lokal) anesteziyadan istifadə olunur ki, bu da yalnız cərrahi
müdaxilə olunan hissənin keyidilməsidir. Bu zaman xəstə ayıq olur,
sadəcə ağrını hiss etmir. Diş çəkilməsi də buna misal ola bilər.
Biri də var, ümumi anesteziya və ya ümumi narkoz. Bu isə mərkəzi
sinir siteminin "söndürülməsidir", dərman preparatlarının vena
daxilinə yeridilməsi və inqalyasiya vasitəsiylə xəstənin süni
yatızdırılmasıdır. Bu zaman xəstə istənilən həmlədə belə oyana
bilməz. Onun əzələləri boşalır, hissiyyat ölür. Bu vəziyyətdə
saxlanılma əməliyyatın vaxtına və cərrahların tapşırığına əsasən
davam edir. Peşəkar anestezioloq xəstənin sağlamlığı haqqında
məlumat toplamalıdır. Hansısa xəstəliyi keçiribmi, hansısa
orqanında problem varmı, hər hansı dərman preparatına allergik
reaksiyası olubmu və.s. Bu məlumatlar həkim anestezioloq üçün çox
vacibdir. Çünki çıxarılan nəticəyə uygun olaraq xəstəyə narkoz
məsləhət görülür. Hər kəsin fərdi orqanizminə, yaşına, çəkisinə,
sağlamlıq durumuna görə narkoz verilir.
Anestezioloq narkoz verən kimi cərahiyyə otağını tərk etmir, yaxın
iki saat ərzində, hətta əməliyyat başa çatdıqdan sonra xəstəni
müşahidə etməlidir. Bu mütləqdir. Xəstənin cərahiyyə stolunda
narkozdan ölməsi çox nadir hadisə ola bilər. Müasir tibbi
texnikanın imkanları ölüm riskini 0-a endirir. Çünki həmin
avadanlıq sayəsində narkoz verilmiş xəstənin beyninin vəziyyəti,
qanda oksigenin miqdarı, ağciyərlərin fəaliyyəti və s. kimi
qeydləri bilmək mümkündür. Cərahiyyə əməliyyatının uğurlu olmasının
əsas şərtləri bunlardır: əməliyyatda iştirak edən həkim
komandasının peşəkarlığı, müasir tibbi texnikayla təchizat, ən
əsası isə əməliyyata götürülən xəstənin sağlamlığı haqqında dəqiq
və düzgün məlumat və müayinə qeydləri. Sonuncu ən əsas sayılır.
Bəsən xəstə öz sağlamlığı barədə həqiqətləri gizlədir. Bu da onun
həyatını təhlükədə qoya bilər. Yaxud, təcrübəmdə bir çox problemlər
meydana çıxıb. Bu, əməliyyatdan qabaq qidalanmayla əlaqədardır.
Xəstə var ki, öskürəklə və ya yaxşıca yeyib gəlir. Bu doğru deyil.
Əməliyyata gələn iki saat qabaq yüngül, duru nə isə qəbul edə
bilər. Əks halda narkoz verilən zaman və ya sonra onun üçün
narahatlıq - qusma, öyümə olar.
Nəticə olaraq, xəstələrin əməliyyata ehtiyacı yarananda
qorxmamalarını məsləhət görərdim. Yalnız mütəxəssis və peşəkar,
təcrübəli həkimlərə həvalə olunmasını arzulayardım. Narkoz barədə
deyilən bir çox məlumatlar - "əsəbilik yaradır", "yaddaş itir",
"beyin fəaliyyəti zəifləyir" kimi söhbətlər isə doğru olmayan
məlumatlardır".
Bir sözlə, ekspertin dediklərindən belə çıxır ki, narkozdan ölüm
mümkün deyil. Yalnız xəstənin müayinəsi təcrübəli və bilikli
həkimlər tərəfindən aparılmalı, diaqnoz doğru qoyulmalıdır,
vəssalam.
Bəs spinal anesteziya nədir?
Anesteziyanın bir forması da var. Buna epidural və ya spinal
anesteziya da deyilir. Yəqin ki, qeysəriyyə yolu ilə ana olan
xanımlar bunu daha yaxşı bilirlər. Əməliyyat yolu ilə uşağın
dünyaya gətirilməsi zamanı hamilə qadının bel hissəsindən onurga
kanalına iynə vurulur. Bu zaman onun qurşaqdan aşağı hissəsi
keyidilir. Spinal anesteziya zamanı xəstə yatmır, sadəcə ağrı
hissiyyatı olmur. Cərrahın, otaqda olanların, alətlərin səsini
eşidir, amma "başı dumanlı olur". Təəssüf ki, bu gün analığa
namizədlər qeysəriyyə yolu ilə ana olmağı seçirlər. Bu da ağrı
hissindən azad olmaq üçündür. Amma normal doğuş olduğu halda,
əməliyyata göstəriş olmadığı təqdirdə, bu yolu seçmək özü də
sağlamlığa biganəlikdir. Bu arada qeyd edim ki, spinal
anesteziyanın tarixi 1898-ci ildən başlanılır. Avqust Bir adlı
həkim ilk dəfə onurğa kanalına kokain məhlulu yeridib. Uğurlu
eksperiment sonralar ölüm hallarsız ötüşməyib. Bu səbəbdən bu
üsulla keyitmə qadağan edilib. XX əsrin əvvəllərindən isə inkişaf
etdirilən spinal anesteziya 50-ci illərdən daha sıx istifadə
olunub. Spinal anesteziya haqqında da camaat arasında müxtəlif
narahatlıq var. Çoxu onurga kanalına vurulan iynədən sonra
saatlarla özünə gəlmədiyini, küt baş ağrıları, baş gicəllənmələri
olduğunu deyir. Amma mütəxəssislər bu şikayətlərin dərmanlara olan
reaksiyadan irəli gəldiyini bildirirlər. Zamanla keçən ağrılar
olduğunu qeyd edirlər.
Sonda tək onu vurğulamaq istəyərdim, nə sağlamlığınızı əldən verin,
nə də narkozun "dadı"nı bilin.