TQDK Apelyasiya komissiyası yaratdı
3 Mart 2014 09:04 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ötən gün keçirilən ali təhsil
ocaqların magistratura pilləsinə qəbulla bağlı Apelyasiya
komissiyası yaradıb. TQDK-dan Movqe.az-a verilən məlumata görə,
Apelyasiya komissiyası ali təhsil müəssisələrinin magistratura
səviyyəsinə 2014/2015-ci tədris ili üçün qəbul imtahanının 2 mart
2014 cü il tarixində keçirilmiş birinci mərhələsinin məzmunu ilə
əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün yaradılıb.
Bakalavrlar Apelyasiya komissiyasına 3 - 5 mart 2014-cü il
tarixlərində saat 10.00 dan 17.00 dək şəxsiyyət vəsiqələrini təqdim
etməklə şəxsən müraciət edə bilərlər. Xatırladaq ki, ali təhsil
müəssisələrinin magistratura pilləsinə qəbul imtahanının birinci
mərhələsinə keçirilən imtahanda iştirak etmək üçün 24560 (ötən il
21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan
bölməsi, 2686 nəfəri rus bölməsi üzrə sənəd verib.İmtahan
respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki
və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində
aparılıb. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə
qızlardır. Bakalavrlardan 12540 nəfəri cari ilin məzunları, 12020
nəfəri isə əvvəlki illərin məzunlarıdır. İmtahanda iştirak edən ən
yaşlı bakalavr 1961-ci il təvəllüdlü, ən gənc isə 1995-ci il
təvəllüdlüdür.