Son vaxtlar paytaxtınətrafı ərazilərində torpaq sahələrinin alqı-satqısında böyük canlanma müşahidə olunur. Bu fonda ətraf ərazilərdəki torpaq sahələrinin qiymətlərində də artım müşahidə olunmaqaddır. Ekspertlər gözlənilən qiymət artımını artmaqda olan tələbatla əlaqələndirirlər.
Artıq şəhər mərkəzində torpaq
resurslarının tükəndiyini deyən "Əmlak Bazarı İştirakçıları İctimai
Birliyi"nin üzvü Rövşən Talıbzadə şəhərətrafı ərazilərə
tələbin artmasını da bununla əlaqələndirir: "Ümumiyyətlə, bu gün
Bakı ətrafı ərazilər qiymət baxımından əlverişli hesab olunur.
Paytaxt ərazisi müəyyən zonalara ayrılır. Əsasən -ci, 2-ci zona
hesab olunan mərkəz ərazilərdə, artıq demək olar ki, boş torpaq
sahələri tükənməkdədir. İndi torpaq sahəsi əldə etmək istəyən
istər adi vətəndaşlar, istərsə də sahibkarlar əsasən şəhərətrafı
ərazilərə üz tuturlar. Məsələn, Qobu, Hövsan, Müşfiqabad kimi
şəhər tipli qəsəbələrdə iri sahəli torpaq satışı artıb. Bu
ərazilərdə irihəcmli infrastruktur layihələrinin icrası nəzərdə
tutulur. Bu kimi digər əraziləri də sadalamaq olar ki, həmin
ərazilərdə böyük tikinti işləri aparılır.
İstər bu torpaqların alınmasının, istərsə də layihələrin həyata keçirilməsinin əsas səbəbi isə mənzilə olan tələbatdır. Bu gün Bakıda artıq urbanizasiya prosesi gedir. İnsanların ətraf rayonlardan şəhərə axın etməsi ilə bağlı mərkəzdə sıxlıq müşahidə olunur. Belə olduğu halda mənzilə tələbat gündən-günə artır. Mərkəzdə ev tapmayan insanlar şəhər ətrafına üz tuturlar. Bu baxımdan, bu gün şəhər kənarında, mərkəzdən kənar ərazilərdə torpaq sahələrinin alınmasına, burda böyük yaşayış qəsəbələrinin salınmasına ehtiyac var ki, bundan da sahibkarlarımız səmərəli şəkildə istifadə edirlər. Yəni, bu sırf mənzilə olan tələbatla bağlı məsələdir".
Ekspert irisahəli torpaqlarla yanaşı, kiçik və orta həcmli sahələrə də marağın artdığını deyir. Onun sözlərinə görə, bu da insanların fərdi evlər tikmək zərurətindən irəli gəlir: "Ümumiyyətlə, qeyd etmək istərdim ki, torpaq bazarı inkişaf etdikcə, insanlar torpaq aldıqca, bu resurslar zamanla tükənir. Və bu da bu da qiymətlərin müntəzəm olaraq artmasına səbəb olur"
Ötən ilin sonlarından etibarən daşınmaz
əmlak bazarında qiymət artımının müşahidə olunduğunu bildirən "MBA
LTD" şirkətinin rəhbəri Nüsrət İbrahimov məhz bununla bağlı kənar
ərazilərdəki torpaqlara tələbatın artdığını deyir:
"2010-2013-cü illər ərzində torpaqların qiymətləri aşağı düşmüşdü.
Lakin 2013-cü ilin sonu, 2014-ün əvvəllərindən etibarən qiymətlərdə
yüksəlmə müşahidə olunur. Bu da torpağa tələbatın artmasının
nəticəsidir. Yəni, şəhərin mərkəzindəki mənzillərin qiyməti qalxır,
mənzilə real ehtiyacı olan insanların mənzil almağa imkanı çatmır.
Ona görə də onlar şəhər ətrafında torpaq sahəsi alıb orda ev
tikməyə üstünlük verirlər. Bununla da şəhər kənarı torpaqlara da
tələb artdığından, ona uyğun olaraq qiymət də artır.
İkinci səbəb odur ki, Bakı şəhərinin mərkəzi böyüyür və mərkəz böyüdükcə, burda tikinti aparılmasında müəyyən məhdudiyyət hiss olunur. Boş torpaq sahələri yoxdur. Bu səbəbədən də, sahibkarlar şəhər məkəzindən kənar ərazilərə yönəlirlər".
Fevral ayının sonundan etibarən torpaq bazarı üçün mövsümi aylar başladığını bildirən Nüsrət İbrahimov bu vəziyyətdə qiymətlərin artmasının qaçılmaz olduğunu düşünür.