“Rusiya Krımdan başını götürüb qaçmağa məcbur olacaq”
3 Mart 2014 18:20 (UTC+04:00)
Rusiya ilə Ukrayna arasında son günlərdə başlamış
qarşıdurma politoloq Qabil Hüseynli tərəfindən Putinin çox dərin
düşünülmüş siyasətinin olmaması kimi
dəyərləndirilib.
ANS PRESS-ə müsahibə verən politoloq Putinin özünü
tora saldığını deyi b. "İndi onun bu tordan çıxması, Rusiyanın da
olmasa, Putinin kariyerası hesabına başa gələ bilər. Çünki bütün
dünya Rusiyanın Ukraynaya təcavüzü olayları ilə bağlı etiraza
qalxıb və Rusiyaya qarşı sanksiyadan tutmuş, müxtəlif hədələrə
qədər səslənməkdədir".
Qabil Hüseynli iqtisadi müstəvidə Rusiyaya
təzyiqlər edilməyə başlanıldığını bildirib. Onun sözlərinə görə,
artıq Rusiya birjasının və "Qazprom" da daxil olmaqla şirkətlərin
aksiyalarının qiymətləri sürətlə aşağı düşməkdədir. Bu onunla
əlaqədardır ki, qərb Rusiyaya qarşı açıq təhdidə keçib. Onun
sözlərinə görə, qərb eyni zamanda Rusiyaya siyasi xarekterli
sanksiyalar tətbiq etməyə başlayıb: "Səkkizlərin mart ayında Soçidə
keçiriləcək sammiti artıq baş tutmayacaq. Bu isə o deməkdir ki,
Rusiya artıq səkkizlərin üzvü ola bilməyəcək".
Politoloqun fikrincə, həm də Rusiya qazının və
neftinin alınması ilə bağlı müəyyən sanksiyalar ola biləcək: "Bu
isə Rusiyanın əsas gəlir mənbəyidir. Dünya bazarında dollardan aslı
olan Rusiya böyük maliyə itkiləri ilə üzləşəcək. Rusiya bır sıra
şirkətlərdən aldığı malları indi ala bilməyəcək. Böyük şirkətlərin
Rusiyadan getməsi prossesi sürətlənəcək".
Qabil Hüseynli bildirib ki, Kremlin Ukraynaya
qarşı zorakılığına qarşı Rusiyanın özündə də etirazlar yüksələcək:
"Sankt Petrburuqda, Tatarıstanda, Başqırdıstanda, Moskvada bu cür
etirazlar keçirilir. Bu isə Rusiyanın özündə də mövcud rejimə qarşı
fikirlər səsləndirildiyi deməkdir. Putin indi başa düşüb ki, hansı
avantürayaya əl atıb və sonda hansı problemlərə gətirib çıxara
bilər. Ukrayna hadisələri Rusiyanın özünə qarşı çeviriləcək.
Rusiyanın özündə ciddi təlatümlər
yaranacaq".
Onun fikrincə, Krımı qətiyyən Cənubi Osetiya və
Abxaziyanın aqibəti gözləmir. Krım məsələsi Abxaziya və Cənubi
Osetiya məsələsi deyil. "Bu məsələdə Rusiya dünya dövlətləri,
beynəlxalq qurumlar tərəfindən qınaq obyektinə çevriləcək. Rusiya
ciddi sanksiyalara məruz qalacaq. Və bir növ Krımdan başını götürüb
qaçmaq məcburiyyətində qalacaq. Ən yaxşı halda Ukrayna ordusunun
güclü müqaviməti nəticəsində oradan çıxmaq məcburiyətində qalacaq.
Bu da Rusiya tarixində görünməmiş hadisə olacaq. Bu, Rusiyanın
içində böyük narazılıqlarla müşayət olunacaq".
Politoloq Tofiq Abbasov isə Rusiyanın
özbaşınalığını beynəlxalq güclərin fəaliyyətsizliyi ilə
əlaqələndirib: "Hazırda biz dünya nizamında dərin bir böhranı
müşahidə edirik. Dünyada qəbul edilən nizam artıq işləmir. Bunu
xarici qurum və təşkilatların Azərbaycana qarşı münasibətindən də
görmək mümkündür. Azərbaycan 20 ildən çoxdur ki, beynəlxalq
qüvvələri məsuliyyətə, BMT qətnamələrinin icrasına çağırsa da, hələ
ki, bir nəticə əldə olunmayıb. Mənim fikrimcə, İkinci Dünya
Müharibəsindən sonra qəbul olunan normativ aktlar, beynəlxalq
konvensiyalar kağızda qalaraq heç bir təsir göstərmir. Yəni gücə
malik olan bloklar, tərəflər istədiklərini edirlər. Hazırda gərək
güc sahibləri əlahiddə danışıqlar aparsınlar. Burada təmas
prosesinə böyük ehtiyac duyulur. Bu xaos dərinləşir, kəskinləşir.
Ukraynanın təzə hakimiyyəti isə çox kövrəkdir. Ukraynanın şərqində
və cənubunda rusdilli xalqın çoxluğu faktoru da öz rolunu oynayır.
Bu özlüyündə Rusiyanın bu bölgələrə yiyə durmasına şərait yaradır.
Ukraynanın öz daxili gücü hesabına bu gərgin vəziyyətdən çıxmaq
ehtimalı azdır. Gərək bu vəziyyətdə qərb dövlətləri və ABŞ məsələyə
müdaxilə etsin. Ukrayna böhranı ilə bağlı beynəlxalq konfransın
keçirilməsinə artıq ehtiyac yaranıb. Bu danışıqlarda "ağsaqqal"lığı
ABŞ və Rusiya öz üzərinə götürməlidir".