İnternetin qiyməti ucuzlaşacaq
4 Mart 2014 09:55 (UTC+04:00)
Azərbaycan İnternet Cəmiyyəti (ISOC Azerbaijan) internet xidmətləri
üzrə tariflərin azaldılması məsələsini müzakirə edir. Bunu Trend-ə
Cəmiyyətin sədri Qalib Qurbanov deyib. Onun sözlərinə görə,
internet xidmətlərinin tədarükçüləri son istifadəçilər üçün
xidmətlərin qiymətinin gələcəkdə azaldılması məsələsi üzrə
məsləhətləşmələr və hesablamalar aparırlar: "İnternet
provayderlərinin ilkin təklifləri Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə təqdim olunub. Güman edirəm ki,
istehlakçılar yeni tariflərin üstünlüklərini artıq ilin birinci
yarısında hiss edə biləcəklər. Söhbət internetə çıxış qiymətlərinin
xeyli azaldılmasından gedir. Faiz nisbətində son istifadəçilər üçün
xidmətlərin qiyməti 30 faizədək azala bilər".
Bununla belə, Q.Qurbanov internet xidmətləri tədarükçülərinin hər
dəfə tariflər azaldılan zaman əl atdıqları yanaşmaların qətiyyən
əleyhinədir.
Onun fikrincə, internet trafikin artması fonunda təklif edilən
paketdə tarif plankasının saxlanılması təcrübəsi səmərəli deyil və
gözlənilən nəticələr vermir: "Provayderlər çox vaxt qiymət
plankasını qorumaqla buraxılış qabiliyyətini genişləndirir ki, bu
da internet xidmətləri bazarında qiymət formalaşdırılması
probleminin həllində düzgün yanaşma deyil. Hər kateqoriyadan olan
istifadəçilərə qarşı fərdi yanaşmaya ehtiyac var. Şübhəsiz ki,
yüksək sürətə ehtiyacı olmayan və video-kontentə baxmağa çox vaxt
sərf etməyən istifadəçilər var. Bu kateqoriyadan olan istifadəçilər
üçün əlverişli qiymət üzrə paket əldə etmək maraqlı olacaq. Paketə
internet trafikin 1-2 meqabit-saniyəsi daxil olunacaq".
Seçilmiş tarif planından asılı olaraq, istifadəçilərin
məhdudlaşdırılmayan ADSL çıxışa görə xərcləri 10 manatdan (1024
kilobit-saniyəyə görə) 80 manatadək (10240 kilobit-saniyə) təşkil
edir.