Bu gün Azərbaycanda Od çərşənbəsidir
4 Mart 2014 10:23 (UTC+04:00)
Bu gün Azərbaycanda Od çərşənbəsidir. Movqe.az-ın
məlumatına görə, ilin axır çərşənbələrindən ikincisi olan Od
çərşənbəsi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də
tanınır. Novruz bayramı öncəsi qeyd
edilən 4 çərşənbə axşamı tonqal qalansa da, Od çərşənbəsinin
özünəməxsus xüsusiyyətləri var. Bu gün məhz Od çərşənbəsi olduğuna
görə tonqalın qalanmasının daha spesifik özəlliyi
var. Odun, tonqalın olması istiliyin
mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas
göstəricisidir. Od çərşənbəsi qazanlar qaynamalı, insanların
ocağının üstü boş qalmamalıdır. Tədqiqatçılar Od çərşənbəsini qədim zamanların əsas
dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik
dini ilə bağlayırlar. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta
kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı,
sitayişi tarix boyunca özünü güclü şəkildə göstərib. Hətta Bakının
Suraxanı qəsəbəsində yerləşən Atəşgah da buna əyani
misaldır. Hər evin və binanın
qarşısında tonqal qalanması həmin ilin isti, bərəkətli keçməsinə
nişanədir. Od çərşənbəsi hamı müxtəlif
xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu
kimi şirniyyatlar olmalıdır. İnsanların inancına görə, bu,
süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu
keçməsinə səbəb olur. Şamaxı
Astrofizika Rəsədxanasındanverilən məlumata görə, Bahar Azərbaycana
martın 20-də 20.57-də daxil olacaq. Həmin gün bayram axşamı kimi
qeyd ediləcək.