Milli Məclisdən mobil operatorlara SMS xəbərdarlığı
4 Mart 2014 13:47 (UTC+04:00)
Azərbaycanda mobil operatorların reklam SMS-ləri
ilə bağlı bəzi məsələlər Milli Məclisdə narahatlıq
yaradıb.
Trend xəbər verir ki, millət vəkili Elmira
Axundova Milli Məclisin bugünkü plenar iclasında mobil
operatorlardan və onların göndərdiyi "spam"lardan
şikayətlənib. E.Axundovanın sözlərinə
görə, onun telefonuna hər gün 20-dən çox "spam" reklam mətnləri
gəlir: "Təkcə bir gün ərzində müxtəlif şirkətlərdən mesajlar gəlir.
Hamısının da məqsədi insanları aldatmaq, mənasız oyunlara cəlb
etməkdir. Bu mesajları açanda balansdan məbləğ silinir. Nəzərə
alsaq ki, bir ailədə 5-6 mobil telefon var, büdcəyə kifayət qədər
ziyan dəydiyini söyləmək olar. Bu hallar daha çox Bakcell-də
müşahidə olunur".
Millət vəkili təklif edib ki, abunəçi istəyi
olmadan ona hansısa reklam mesajının göndərilməsi qadağan
olunmalıdır. Oqtay Əsədov isə millət
vəkilinin bu iradları ilə razılaşdığını deyib. Spikerin fikrincə,
insanların arzusu olmadan telefonu SMS-lə doldururlar. O.Əsədov
bununla bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Əli Hüseynliyə müraciət edərək məsələnin araşdırılmasını
tapşırıb.