Seysmoloqdan Azərbaycana güclü zəlzələ proqnozu

4 Mart 2014 17:36 (UTC+04:00)

Son zamanlar ölkədə seysmik aktivliyin pik həddə çatması barədə məlumatlar yayılıb. Mətbuatda yayılan məlumatlara görə, Azərbaycanın aparıcı seysmoloqları həyəcan içindədir. Son günlər ölkənin bəzi yerlərində seysmik aktivliyin müşahidə olunması onları çıxılmaz vəziyyətə salıb. Hətta məlumatlarda bildirilir ki, Seysmoloji Mərkəzdə bu məsələ ilə bağlı qapalı toplantı olub və vəziyyətdən çıxış yolları araşdırılıb. Lakin yayılan bu tipli məlumatların hamısı yalan və əsassızdır. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, əslində belə xəbərlər ölkə üçün təxribatdır: "Belə xəbərlər insanları panikaya sala bilər. Bəlkə də, bu açıqlama kiməsə adi görünə bilər, lakin bu fikirlər dəhşətli faciələrə səbəb ola bilər. Elə bir şey müzakirə olunmayıb. Seysmoloji Mərkəzdə bu məsələ ilə bağlı qapalı toplantı keçirilməyib. Biz zəlzələlərlə bağlı proqnoz vermirik. Əksinə, proqnoz verənləri tənqid edirik. Mən belə yazıları təxribat kimi qiymətləndirirəm".

Ekspertin sözlərinə görə, gündə minlərlə bu tipli yeraltı təkanlar olur: "Bu zəlzələlərin gücü çox olanda, onu mətbuata bildiririk. Belə zəlzələlər anomal təhlükələr yaratmır. Gələcəkdə güclü zəlzələ olsa belə, biz əvvəlcədən bu barədə proqnoz verə bilmərik. Hələ ki, elmdə qabaqcadan zəlzələ proqnozu vermək mümkün deyil".

Son iki gündə Qəbələdə baş verən yeraltı təkanlara gəlincə, T.Məmmədli bunun gözlənilən olduğunu bildirib. Alimin sözlərinə görə, belə yeraltı təkanlar ara-sıra olur. Lakin bəziləri gücünə görə hiss olunur. Çox isə hiss olunmur. "Fevralın 26-dan bu günə kimi Qəbələdə, Vəndama yaxın ərazidə zəlzələlər seriyası başlayıb. Həmin vaxtdan indiyə kimi Qəbələdə 6-7 belə təkan baş verib, onlardan 3-ü hiss olunub.Yeraltı təkanların baş vermə səbəbləri dərinlik qırılmaları ilə əlaqədardır. Belə ki, uzununa Daşgil - Mədrəsə və ortoqonal Çaxırlı - Qəbələ qırılmalarının təsir zonasında zəlzələ ocaqları yerləşir. Onların da hərəkəti nəticəsində bu zəlzələlərin baş verməsi müşahidə olunur", - deyə Tahir Məmmədli vurğulayıb. Paytaxt Bakıda isə güclü titrəyiş yalnız Xəzər dənizindən gözlənilir. Ekspert Xəzər hövzəsindəki zəlzələ ocaqlarındakı aktivlik nəticəsində Bakıda 8 bala qədər zəlzələ ola biləcəyini istisna etmir. "Bakı üçün zəlzələ qorxusu ən çox Xəzərdən gəlir. Bundan başqa, Hacıqabulda, Şamaxıda, Siyəzəndə və s. ərazilərdə baş verən yeraltı təkanlar da payatxtda hiss oluna bilər. Lakin ən güclü təkanlar Xəzərdən hiss olunur. Bakı üçün ən güclü zəlzələ 8 bal gücündə qiymətləndirilir", -deyə Tahir Məmmədli bildirib.