Sığorta şirkətlərini gözləyən zərər

4 Mart 2014 17:44 (UTC+04:00)

Son vaxtlar bir sıra sığorta şirkətləri bildirirlər ki, ölkədə tibbi xidmətlərin qiymətlərinin yüksək olmasıyla bağlı olaraq, şirkətlər tərəfindən həyata keçirilən fərdi tibbi sığortanın xərcləri artıb və artıq bu sığorta növü onları zərərə məruz qoymağa başlayıb. Bu fonda icbari tibbi sığortanın tətbiqinin şirkətlər üçün müəyyən təhlükələr törədə biləcəyi düşünülür. Bununla bağlı ekspertlər fərqli münasibət bildirdilər. 

Belə ki, sığorta növlərinin gəlirliyinin ona yatırılan risklərin düzgün qiymətləndirilməsindən asılı olduğunu deyən sığortaçı ekspert Xəyal Məmmədxanlı icbari tibbi sığortaya da düzgün yatırım edilərsə, gəlir əldə ediləcəyini düşünür:  "Ümumiyyətlə bütün sığorta növlərinin zərərli və ya gəlirli olmasını sığorta risklərinin düzgün qiymətləndirilməsindən asılıdır.  Təbii ki, əgər siz bu gün insanları çox ucuz qiymətlərlə sığorta eləsəniz, sizin ondan gəlir əldə etməyiniz mümkün deyil. Bu heç avtomobil sığortasında da mümkün deyil. Ona görə də, əsas məsələ ondan ibarətdir ki, icbari tibbi sığorta qəbul olunarkən də, risklər düzgün qiymətləndirilməlidir. Müəyyənləşdirilməlidir ki, əhalini adambaşına təxmini hansı məbləğlə sığortalamaq lazımdır ki, şirkətlər zərərə uğramasınlar. Və bunun da müqabilində tibb müəssisələri də vətəndaşlara normal xidmət göstərə bilsilər. Düşünürəm ki, icbari sığortanın tətbiqinin əsas səbəblərindən biri elə məhz bu rəqəmlərin müəyyən edilməsi olacaq. Amma yenə də, siz bu halda hansı sığorta növü olmasından asılı olmayaraq, avtomobil sığortasına da,  insanların hər hansı əmlak sığortasında da getsəniz, bunların hamısı zərərəli halda yekunlaşacaq. Çünki hər bir riskin bir qiyməti var. Və bu qiymətlər normal aktual hesablamalarla ortaya çıxarılmalıdır. Təxmini qiymətlərlə bu satışı həyata keçirmək olmaz. Çox təəssüf ki, bəzi şirkətlər belə dəqiq hesablamalar aparmırlar. Çoxları sığortanı "Qonşudan geri qalma" prinsipi ilə əhaliyə satırlar. Amma halbuki belə olmamalıdır. Hər bir şirkətin, hər bir sığorta növünün, hər bir bazarın özünün statistikası var və həmin o statistikaya uyğun olaraq da qiymət müəyyən olunmalıdır. Mən düşünürəm ki, icbari tibbi sığortanı tətbiq edərkən də şirkətlər bunu normal rəqəmlərlə edəcəklər. Yoxsa digər halda ya sığorta formal bir xarakter daşıyacaq, şirkətlər bu məbləğ qarşılığında heç bir xidmət göstərə bilməyəcəklər, ya da ki, bu qiymət qarşılığında edilən müayinə və müalicə də heç bir effekt verməyəcək".


 Sığorta şirkətlərinin iradlarında haqlı olduğunu düşünən ekspert Mustafa Abbasbəyli isə icbari tibbi sığortanın gətirəcəyi kütləviliyin qiymətləri tənzimləyəcəyini deyir: "Düşünürəm ki, bu sığorta şirkətləri tərəfindən haqlı bir iraddır. Çünki, tibbi xidmətlərin dəyərinin artması, yeni texnologiyaların tətbiqi tibbi xərcləri birmənalı şəkildə artırmaqdadır. Amma icbari tibbi sığortanın tətbiqi hesab edirəm ki, bu məsələdə müəyyən mənada yaxşı təsir edəcək. Çünki, kütləvilik nəzərə alınacaq. Bu gün sığortaya hamı müraciət etmir. Az sayda insan sığortalanır. Yəni, tibbi sığortaya müraciət edən bu kütlənin sayı azdır. Amma icbari tibbi sığorta tətbiq olunanda kütləvilik olacaq. Hər kəs sığorta olunacaq. Bu zaman isə, hər kəs sığorta olunacağı üçün qiymətlər müəyyən mənada tənzimlənmiş olacaq. Yəni artıq qiymətlər konpensasiya olunmuş olacaq".