Rusiya Minsk qrupundan çıxarılır?!

5 Mart 2014 07:50 (UTC+04:00)

Rusiyanın Ukraynaya qoşun yeridərək bu ölkəninin bir hissəsini orada yaşayan rusdilli əhalini müdafiə etmək bəhanəsilə işğal etməsi dünya müqyasında Moskvaya qarşı narazılıq yaradıb. Çünki bu hərəkəti ilə Moskva işğalçı, arqessiv siyasət yütürdüyünü ortaya qoymuş olur. Halbuki reallıqda Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi dünyada sülhün qorunmasında başlıca rol oynamalıdır.

Lakin Ukrayna hadisələri onu göstərdi ki, Rusiya sülh missiyasından daha çox hələ də əvvəlki dövrlərin şovinist, aqressiv siyasətini yeritməkdə davam edir.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiyanın da üzərinə sülhpərvər vasitəçilik missiyasını icra etmək baxımından böyük öhdəliklər düşür. Lakin məsələ ondadır ki, Rusiyanın Ukraynanı işğal etməsi artıq bu ölkənin Minsk qrupunda sülhpərvər vasitəçi ola biləcəyini sual altına alır. 20 ildir ki, digər həmsədr ölkələrlə birgə Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyət göstərirlər. Amma ötən müddət ərzində qurum tərəfindən münaqişənin çözülməsinə real olaraq nail olmaq üçün hər hansı bir ciddi addım atılmayıb. Belə bir ciddi addımın atılmamasının nəticəsidir ki, Ermənistan hələ də torpaqlarımızın bir hissəsini işğal altında saxlamaqda davam edir. Bu fonda görəsən, Rusiyanın Ukraynaya qarşı etdiyi son hərəkətindən sonra onun Minsk qrupunda qalması nə dərəcədə məntiqə uyğundur? Moskva Minsk qrupundan çıxarılmalıdırmı?

Politoloq Elşən Manafov hazırkı məqamda Rusiyanın Minsk qrupundan çıxarılmasını məqsədəuyğun hesab etmədi: "Ukrayna hadisələri bir daha göstərdi ki, Rusiya kimi hərbi kontekstdə qüdrətli bir dövlətlə sırf beynəlxalq hüquq normaları çərçivəsində yanaşmaq və münasibətləri bu prizmadan qurmaq düzgün deyil. Rusiyanın Ukraynanı işğal etməsi faktına da münasibətim kifayət qədər fərqlidir. Hər halda etiraf etmək lazımdır ki, Ukraynada hakimiyyət dəyişikliyi seçkilər yolu ilə deyil, Qərbin son 3 ayda 10 milyard dollarlıq dəstəyi şəraitində həyata keçirilən bir hadisədir. Qərb Ukraynada necə öz marağını nəzərə alıb bu ölkəni təsir dairəsinə salmaq istəyirsə, Rusiyanın ora qoşun yeritməsi də Moskvanın bölgə ilə bağlı maraqlarından irəli gəlir. Nə qədər ki, Qərb Ukrayna hadisələrinə beynəlxalq hüquq normaları çərçivəsindən yanaşmayıb, Moskvanın da məhz bu normalar çərçivəsində həmin ölkəyə yanaşmaması Rusiya marağı baxımından anlaşılandır.Qərbin məşhur politoloqları Bjezinski və Kisincer bu günlərdə verdiyi müsahibələrdə bildirib ki, 2011-ci ildə Moskvanın Bolotnı meydanında edə bilməyəcəyimizi Ukraynada həyata keçirmək istəyirik. Bu qərbin açıq etiraflarıdır. ABŞ-ın SSRİ-dəki son səfiri Marlot da müsahibəsində ABŞ və Qərbi açıq şəkildə Ukrayna hadisələrinə müdaxilə etməkdə ittiham etdi. Türkiyənin Xarici İşlər Nazirliyinin Avropa Birliyindəki təmsilçisi də Qərbi Ukrayna hadisələrinə açıq müdaxilədə təqsirləndirib. Ona görə də hadisələr sadəcə beynəlxalq hüquq normaları çərçivəsindən yanaşmaq mümkün deyil. Bu gün beynəlxalq hüququn gücü işləmir. Sadəcə, beynəlxalq güclərin hüququ işləyir. Beynəlxalq güclərin bir tərəfi qərbdirsə, digər tərəfi də Rusiyadır. Ukraynadakı olaydan sonra Rusiyanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmasına gəldikdə, güman edirəm ki, prezident İlham Əliyevin hazırda həyata keçirdiyi xarici siyasət Azərbaycanın sırf dövlət və milli təhlükəsizlik maraqları baxımından anlaşılan bir siyasətdir. Bu günki vəziyyətdə balanslaşdırılmış xarici siyasət ölkəni baş verə biləcək hadisələrdən sığortalaya biləcək yeganə siyasi kursdur. Bunu Azərbaycan tərəfi də gözəl başa düşür. Düşünmürəm ki, Rusiyanı ATƏT-in Minsk qrupundan uzaqlaşdırmaqla Qarabağ probleminin yaxın perspektivdə hansısa ədalətli həllinə nail ola bilərik. Rusiya kimi Qərbdə Qarabağ probleminin çözülməsi məsələsinə ikili standartlardan yanaşıb. Ona görə də burada elə bir ciddi fərq görmürəm".

Politoloq Elman Nəsirli isə qeyd etdi ki, Qərb dövlətlərinin Rusiyanın iştirak etdiyi müxtəlif institutlardakı, o cümlədən Minsk qrupunda, həmsədrlik postundan uzaqlaşdırılması istiqamətində addımlar atacağı istisna deyil: "Hazırda Rusiyanın Krımda atdığı məlum addımlar fonunda ABŞ və Avropa İttifaqı ölkələri Moskva əleyhinə sanksiyalar və müəyyən təzyiq mexanizmlərinin tətbiqi məsələsini müzakirə edir. Məlum olduğu kimi, bununla bağlı olaraq martın 6-da Avropa İttifaqı ölkələrinin təcili sammiti planlaşdırılır. Bu sammit çərçivəsində də Rusiyaya qarşı sanksiyaların tətbiq oluna biləcəyi gözlənilir. ABŞ dövlət katibi Con Kerrinin isə Kiyevə səfəri olacaq. Bu səfər çərçivəsində Rusiyanın Krımda həyata keçirdiyi aqressiv siyasətə münasibət bildiriləcək və bundan irəli gələn addımlar atılacaq. Bildiyiniz kimi, ABŞ prezidenti Barak Obama Rusiya dövlət başçısı Putinlə çox sərt dildə danışıb və qeyd edib ki, bu addım Moskva üçün baha başa gələcək. Belə olan təqdirdə ABŞ və digər 6 ölkə "Böyük 8-lərin" Soçidə iyulda olacağı gözlənilən sammitinə hazırlığı da dayandırıblar. Onlar bu sammiti boykot ediblər. Bu çərçivədə Rusiya ilə bağlı digər məsələlərə də baxıla bilər. İstisna deyil ki, belə olan vəziyyətdə artıq Rusiyanın həmsədr olduğu müxtəlif institutlarla bağlı məsələni də ABŞ başda olmaqla Qərb nəzərdən keçirsin. Bu istiqamətdə onların təşəbbüsü ola bilər. Minsk qrupunda həmsədr ölkə olaraq Vaşinqtonla Parisin Rusiyanın qurumdan çıxarılması kimi məsələni qaldırmaları ehtimalı istisna deyil. Konkret bu məsələ qoyulmayıb. Amma Rusiyaya qarşı təzyiq mexanizmləri sırasında Minsk qrupundan onun uzaqlaşdırılması məsələsinin adının hallanması ehtimalı da vardır. Xüsusən də Ukraynanın ərazisini zəbt etmək kimi siyasət fonunda yaranmış vəziyyət Rusiyanın sülhpərvər dövlət və onun vasitəçilik missiyasına ciddi kölgə salan məsələyə çevrilib. Beynəlxalq ictimaiyyətdə də Rusiyanın bu addımları ciddi qınaq obyektinə çevrilib. Belə olan halda istisna deyil ki, Qərb Rusiyanın həmsədrlik institutlarında iştirakı məsələsinə yenidən baxsın. Bu halın baş verəcəyini ABŞ və Avropa Birliyi ölkələrindən gözləmək mümkündür".