Həqiqi hərbi xidmətə çağırış başlandı
4 Mart 2014 22:40 (UTC+04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının
2014-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə
çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının
ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd
olunur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə
komplektləşdirmək məqsədi ilə 1996-cı ildə doğulmuş və çağırış
gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə
1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı
birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli
həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya
müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan
Respublikasının vətəndaşları 2014-cü il aprelin 1-dən 30-dək
müddətli həqiqi hərbi xidmətə çağırılsınlar. Bu sərəncamla "Hərbi
vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun
38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2014-cü il aprelin
1-dən 30-dək ehtiyata buraxılırlar. Nazirlər Kabinetinə bu
sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri
görmək tapşırılıb.