Ukraynaya görə yeni dünya müharibəsi başlanır

5 Mart 2014 10:10 (UTC+04:00)






Rusiya Ukraynanın daxili işlərinə müdaxil etməklə artıq super dövlətlərin tənqid və sanksiyalarına atəşinə tuş gəlib. Belə ki, Avropa Birliyi Rusiyanı Krımdakı silahlı qüvvələrini dərhal öz daimi dislokasiya yerlərinə geri çəkməyə çağırıb. Bundan başqa, ABŞ hökuməti Ukraynaya hərbi təcavüz edən Rusiya ilə ticarət-investisiya danışıqlarını və hərbi əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib. Hətta məlumatlar var ki, ABŞ hərbi gəmilərini Ukraynaya köməyə göndərib. Hətta NATO Rusiyanın Krımdakı hərbi əməliyyatlarını pisləyən bəyanatla çıxış edib. Bütün bunlar dünyada üçüncü qlobal müharibə təhlükəsini artırır. Ancaq siyasi təhlilçilərin qənaətinə görə, NATO-nun proseslərə hələlik müdaxiləsi gözlənilmir. Məsələnin iqtisadi sanksiyalarla bitəcəyi daha çox ehtimal olunur.


Politoloq Qabil Hüseynli bildirdi ki, Rusiya nüvə ölkəsi olduğu üçün NATO-nun bu işə qarışması nüvə müharibəsi yarada bilər: "Ancaq NATO-nun Ukraynaya məhdud miqdarda qoşun, müşahidəçi, təlimatçı və yeni silahlar göndərməsi mümkündür. Əgər vəziyyət döyüş həddinə çatarsa, Ukrayna özünün əsgər ehtiyatları ilə yeni silahlardan istifadə edib Rusiyaya qarşı vuruşmalıdır. Amma hələlik məsələlər siyasi və iqtisadi sanksiyalar üzrində qurulub. Yəni, Rusiyanın sivil dünyadan təcrid etməyə çalışırlar. Rusiyanın qabaqcıl texnologiyalardan məhrum edilməsi, eyni zamanda Rusiyadan bəzi məhsulların alınmasının məhdudlaşdırılması məsələsi müzakirə olunur. Bu sanksiyalar Rusiyada ciddi laxlamalara gətirməlidir. Rusiya nüvə dövləti olduğundan onun hirslənib nüvə silahına əl atmasına imkan verməyəcəklər. Amma NATO üzvü olan Polşa qoşunları artıq Ukraynaya kömək üçün ora daxil olub. Digər NATO ölkələri də Ukrayna ordusunun yenidən qurulması və texniki təchizatı məsələləri ilə bağlı işlər görməyi qərara alıb. Status-kvonu bərpa etmək üçün Ukraynanın güc qüvvələri hərəkətə keçəcək. Əgər Rusiya müharibə variantını seçsə, Ukrayna – Rusiya müharibəsi başlaya bilər. Amma bu gün məsələnin sülh yolu ilə həll edilməsi daha real görünür. Çünki, artıq Rusiya birjasında səhmlərin, rublun qiymətdən düşməsi başlayıb. Az sora iqtisadi sanksiyaların siyahısı genişləndikdə və onların tətbiq dairəsi ciddi nəzarət altına alındıqda Rusiya ciddi çətinliklərlə üzləşəcək. Hətta "Qazprom"un səhmlərinin düşməsi prosesi başalyıb. Bu, Rusiya Mərkəzi Bankını vadar edəcək ki, rublun dəyərdən düşməsinin qarşısını almaq üçün bazara əlavə dollar yeritsin. Bu da hər ayda 50 milyard dolların itirilməsi deməkdir. Odur ki, Rusiya özünü çox pis tələyə salıb. Proseslər Rusiyanın daxilini də qarşıdıra bilər".


Beynəlxalq Münasibətlərin Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqov bildirdi ki, Rusiya-Ukrayna münasibətləri tərəflərin müharibə bəyanatları verməsi həddinə gəlib çatıb: "Əslində Rusiya kimi güclü dövlətin Ukrayna ərazisinə asan daxil olması gözlənilən idi. Lakin Federasiyanın bu hərəkəti dünya ictimaiyyətində birmənalı qarşılanmadı. Artıq dünyanın aparıcı dövlətləri, eləcə də beynəlxalq təşkilatlar bununla bağlı müxtəlif bəyanatlar səsləndirirlər. Rusiyaya qarşı sanksiyaların tətbiq olunacağını, hətta müharibə təhlükəsinin ola biləcəyini bildirirlər. Ancaq hadisələrin bu həddə qədər gəlib çatacağını düşünmürəm. 2008-ci ildə Gürcüstan da bu taleyi yaşadı. Nəzərə alsaq ki, Dağlıq Qarabağın işğalında da Rusiyanın rolu var. Bütün bunları nəzərə aldıqda beynəlxalq təşkilatlar real addımlar məsələsində bir qədər çətinlik çəkir. Hazırda Rusiya Ukraynada yaranmış xaos vəziyyətindən istifadə edir. Rusiya bu addımlarına görə dünya ictimaiyyəti tərəfindən təqsirləndiriləcək. Ancaq bütün hallarda NATO-nun Rusiyaya qarşı əməliyyat aparacağı gözlənilmir. Çünki, Rusiya dünyanın aparıcı mərkəzlərindən biridir. Amma Rusiya həm iqtisadi, həm də demokratik prinsiplər baxımından dünyada təklənəcək. Addımına görə də imicinə böyük zərbə dəydi".