Bu gün ölkəmizdə, xüsusən də iri şəhərlərdə bəzi mağaza, ayrı-ayrı iaşə obyektlərinin, eyni zamanda şirkətlərin adlarında xarici sözlərdən istifadə olunur. Bundan başqa istər televiziya ekranlarında, istərsə də küçə boyu gördüyümüz müəyyən reklam lövhələrində o qədər xarici sözlər işlədilir ki… Halbuki, reklam haqqında Azərbaycan Respublikasının Qanununa görə, burada Azərbaycan dili, özü də normalara uyğun tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Amma bu bir reallıqdır ki, artıq bəzi hallarda bu hədd gözlənilmir.
AMEA Rəyasət Heyəti yanında Terminologiya
Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova Mövqe.az
saytına verdiyi açıqlamada artıq komissiya tərəfindən bu hallara
qarşı mübarizə tədbirlərinin hazırlandığını dedi: "Xatırladım
ki, Azərbaycan Respublikasında dilçiliyin inkişafı ilə bağlı Dövlət
Proqramı qəbul olunub. Həmin proqramda da bildirilir ki, bu
gün Azərbaycan dilçiliyinin inkişafı üçün geniş isitqamətlər
açılıb. Və bu baxımdan alınma sözlərin qarşılıqları ilə əvəz
edilməsi, reklamlarda da daha çox milli sözlərin işlədilməsi ön
plana çəkilib. Bunlar nəzər alınaraq Terminologiya
Komissiyası, eyni zamanda Maarifləndirmə Şöbəsi də xüsusi planlar
hazırlayır. Bütün bu hallar hamısı qanunlarla, xüsusi qərarlarla
tənzimlənəcək".
Milli Məclisin Mədəniyyət Komitəsinin
sədri, dilçi alim Nizami Cəfərov isə xarici sözlərdən istifadə
olunmasının qloballaşmanın nəticəsi kimi görür: "Bu qloballaşmanın
nəticəsidir. Dünyanın hər yerində beynəlxalq leksika geniş yayılıb.
Xüsusilə də reklamlarda, elanlarda, ticarət obyektlərinin,
yeməkxanaların adlarında və s. geniş şəkildə beynəlxalq
sözlərdən istifadə olunur. Bu ounla bağlıdır ki, transmilli
beynəlxalq şirkətlər dünyanın hər yerində var və onlar özləri ilə
bərabər ölkələrə emblemlərini, adlarını gətirirlər. Eyni zamanda
milli şirkətlər də çox zaman maraqlı olurlar ki, onların
obyektlərinin adları beynəlxalaq dillərdə olsun. Bu, ən çox da
xüsusi nüfuz qazanmaq məqsədi ilə edilir. Adətən daha çox market
adlarında, ayrı-ayrı şirkətlərin adlandırılmasında onların
beynəlxalq olduğunun bildirilməsi üçün belə sözlərdən istifadə
olunur".
Bu halın dilimiz üçün xüsusi bir təhlükə törətmədiyini deyən Nizami Cəfərov öz milli şirkətlərimizin də milli adlarımızla dünyada tanıdılmasını məqsəduyğun hesab edir. Dilçi alim düşünür ki, bizim brendlərin də xarici firmalarla rəqabət imkanları olmalıdır: "Amma bu, dilimiz üçün bir o qədər də təhlükəli bir şey deyil. Bir halda ki, dünyanın hər yerini əhatə edir, dünyanın hansı ölkəsinə getsəniz, eyni məşhur, brend firmaların adlarını görəcəksiniz. Bu adlar da əsasən ingilis dilindədir. Amma başqa dillərdə də var. Dediyim kimi, bunu Azərbaycan dilinin işlənməsinə məhdudiyyət kimi anlamaq düzgün deyil.
Sadəcə bir məsələni qeyd etmək lazımdır ki, gərək bizim milli şirkətlərimiz də beynəlxalq səviyyəyə çıxsınlar. Çalışsınlar ki, özlərini milli adlarımızla tanıtsınlar. Necə ki, Bakı şəhərində beynəlxalq firmaların adları var, çox maraqlı olardı ki, Londonda, Parisdə, Berlində, Moskvada və digər yerlərdə azərbaycanca, türkcə mağaza adları, lövhələr, elanlar və s. olsun. Məhz bunun üçün çalışmaq lazımdır.
Gələn beynəlxalq şirkətlərin isə qarşısını almaq olmaz. Bu, beynəlxalq qaydadır. Amma onlarla rəqabət aparmaq olar ki, onların ölkəsində də bizim dilimizdə sözlər səslənsin. Əslində, bizim üçün də simvolik olan adlar var. Məsələn, bizim mineral sularımız, müəyyən içkilərimiz var ki, onlar bizim adımızla dünyaya idxal olunur. Bu mənada dünya brendləri ilə rəqabət aparmaq imkanları var. Amma başqa dillərdə də sözlərin işlənməsi dilimiz üçün böyük təhlükə sayılmır. Çünki onlar daha çox görüntü ilə bağlıdır və ünsiyyət leksikonuna o qədər də daxil olmur".