Azərbaycan Milli Məclisi “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklikləri qəbul edib

12 İyun 2012 20:52 (UTC+04:00)
Milli Məclisin növbədənkənar iclasında "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişikliklər məsələsi müzakirə olunub.
APA-nın xəbərinə görə, təklif edilən dəyişikliyə əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar konfidensial saxlanılacaq.
Layihə ilə kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar bəzi hallarda sorğu əsasında açıqlana bilər. Belə ki, həmin məlumatlar qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına, qanunun müəyyən etdiyi hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunla müəyyən olunmuş hallarda və qaydada maliyyə monitorinqi orqanlarına verilə bilər. Həmçinin, məcburi icra orqanlarına, vəkilə, həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə və iştirakçılarına, barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə də bu məlumatların açıqlanmasına icazə veriləcək.
Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.
Paralel olaraq Vergi Məcəlləsi və "Kommersiya sirri haqqında" qanun layihəsi də müzakirə edilib. Həmin layihələrdə də müvafiq dəyişikliklər nəzərdə tutulub.
Həmçinin, "İnformasiya əldə etmək haqqında" qanuna dəyişikliklər də müzakirə olunub.
Qanuna təklif olunan dəyişikliklərə görə informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
BAXCP sədri Qüdrət Həsənquliyev deyib ki, kommersiya sirləri ilə bağlı dəyişiklik layihəsi jurnalistlərin araşdırma aparıb yazı yazmaq imkanları məhdudlaşdırılır. O, təklif edilən dəyişikliyin əleyhinə olduğunu söyləyib: "Onsuz da bədxahlarımız çoxdur. Biz belə bir dəyişikliklə qarayaxma üçün həmin bədxahlara daha çox şərait yaradırıq".
Spiker Oqtay Əsədov isə Q. Həsənquliyevin dedikləri ilə razılaşmayıb: "Kim deyib ki, bu qanun layihəsi jurnalistlərə qarşıdır? Bu, harada yazılıb?"
DİP sədri Asim Mollazadə də təklif olunan dəyişikliyin əleyhinə olub: "Düşünürəm ki, mövcud şəffaflığı pozmaq olmaz".
YAP icra katibinin müavini Mübariz Qurbanlı isə təklif edilən dəyişikliyin lehinə olduğunu söyləyib. O deyib ki, əslində təklif edilən dəyişikliklər sahibkarları mediada şantaj olunmaqdan qoruyacaq: "Bu, məntiqi bir addımdır".
Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, təklif edilən dəyişiklikdə nəzərdə tutulan məqamlar əslində kommersiya sirri sayıla bilməz: "Dünyanın heç yerində şirkətin payçısı, onun sahibi cəmiyyətdən gizlədilmir".
MM sədrinin müavini Valeh Ələsgərov isə iradlarla razılaşmayıb: "Əslində, bu dəyişiklik indiyədək mövcud olan qeyri-müəyyənliyi aradan götürür".
BQP sədri Fazil Mustafa təklif edilən dəyişikliyin şəffaflığa qarşı olduğunu söyləyib.
Sonda hər dörd layihə səsverməyə çıxarılaraq qəbul olunub.