Abel Məhərrəmov tələbələrin aksiyasından sonra BDU-dakı son vəziyyətə aydınlıq gətirib

5 Mart 2014 16:26 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov tələbələrin aksiyasından sonra bu təhsil müəssisəsindəki son vəziyyətə aydınlıq gətirib. Trend-in məlumatına görə, A.Məhərrəmov jurnalistlərə bildirib ki, artıq universitetdə bu işlər tənzimlənib, imtahanların keçirilməsi normal qaydada davam edir: "Universitetimizdə təhsil prosesi davam edir. Yəni tələbələr və müəllimlər öz işləri ilə məşğuldurlar. BDU-da bu hadisələrin baş verməsində də müəyyən dairələr maraqlı idi. Hadisələrin analizi göstərir ki, universitetin cəmi yeddi tələbəsi baş verən hadisələrdə iştirak edib. Digərləri isə 20-30 nəfərlik bir dalğa idi. Orada olanlar isə ya tələbə deyildi, ya da universitetlə heç bir bağlılığı yox idi. Bu işi törədənlərin 95 faizi universitetlə heç bir əlaqəsi olmayan azsaylı qrup idi".

A.Məhərrəmov deyib ki, müəyyən qruplar sosial şəbəkədə bir-biriləri ilə əlaqə saxlayaraq belə hadisəni törədiblər. Onlar bunu sonradan siyasi müstəviyə keçirməyə çalışıblar: "BDU hər zaman ideoloji mərkəz olub, siyasi fənlər üzrə tədris aparılır. Ona görə də bəzi maraqlı qüvvələr çalışırdılar ki, universitetin tələbələrini ələ alsınlar".

BDU-da tələbələrlə keçirilən görüşdə müəllimlərdən birini rüşvət almaqda ittiham edən tələbə ilə bağlı sualı cavablandıran rektor qeyd edib ki, həmin tələbə məhkəməyə verilmədi: "Tələbə mənim qəbulumda oldu, məndən çox razı olduğunu bildirdi. Çünki mən onu dəfələrlə qəbul etmişəm, onu universitetə bərpa etmişik, ona maliyyə yardımı etmişik. Yəni ona həmişə dəstək olmuşuq. O bu dəfə xahiş etdi ki, akademik möhlət götürmək istəyir, çünki səhhəti yaxşı deyil. Hazırda akademik möhlət üçün ərizə verib. Bu məsələyə görə son günlər iki dəfə mənim qəbulumda olub. Yəni məhkəmə məsələsi artıq gündəmdə deyil".

Qeyd edək ki, Nazirlər Kabinetinin "Ali məktəblərin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları" və təhsil nazirinin həmin qərarların icrası ilə bağlı verdiyi əmrlərin icrasına etiraz edən bir qrup tələbə ötən ay BDU-nun həyətində aksiya keçirmişdi.