Avtodayanacaqlarda əsər yerlər hələ də boş qalır

6 Mart 2014 15:45 (UTC+04:00)

Paytaxt Bakıda artıq xeyli sayda avtomobil dayanacağı inşa edilsə də aparılan son müşahidələr yenə də burada hələ xeyli sayda boş yerlərin qaldığıın göstərir. Buna səbəb isə təkcə qiymətlər deyil. Bəzi sürücülər iddia edir ki, dayanacaqlar onların iş, yaşayış yerlərinə uzaq olduğundan ondan istifadə etmirlər. 

Yaranmış durumu Mövqe.az-a şərh edən Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərovun sözlərinə görə, dayanacaqların istifadəsiz qalmasının səbəbi həm qiymətlərin baha olması, həm də insanların dayanacaqlardan istifadəyə vərdiş etməməsidir:  "Həm qiymətlər bahadır, həm də insanlar avtomobili istədikləri yerdə saxlayıb işlərini görməyə gedirlər. Bizim insanlar küçələrdən dayanacaq kimi istifadə etməyə vərdişlidir. Həm qiymətlərə yenidən baxılmalıdır ki, insanlar sırf qiymətlərin baha olmasına görə dayanacaqara uzaq durmasınlar, həm də  ki,  eyni zamanda küçələrdə hərəkətə mane olan yerlərdə maşınlarının saxlanmasının qarşısını alınmalıdır.  Nəqliyyatın saxlanması, dayanma, durma qaydalarının pozulmasına qarşı görülən tədbirlər sərtləşdirilməlidir.  Dayanacaq tikiləndə kiminsə evinə, iş yerinə yaxın olub-olmaması yox, hansısa ərazidə nəqliyyat vasitələrinin saxlanması nəzərə alınır. Belə qayda yoxdur ki, dayanacaq ofislərin, evlərin düz qabağında olmalıdır. Xidmət obyektlərinin qarşısında dayanan avtomobillərin əksəriyyəti Bakı şəhərində yaranan tıxacın böyük səbəblərindəndir. O dayanacaqların salınmasında məqsəd tıxacların, maneələrin aradan qaldırılmasıdır. Vətəndaşlar sadəcə olaraq dayanacaqlardan istifadəyə adət etməlidirlər". 

Digər ekspert Ərşad Hüseynova görə, dayanacaqlara simvolik qiymət qoyulmalıdır ki, hər kəs bundan faydalana bilsin: "Əvvəllər Bakının mərkəzi küçələrində dayanacaq demək olar ki, yox səviyyəsində idi. Yol boyu yığılan avtomobillər sıxlıq yaradırdı. Bu sıxlığı aradan qaldırmaq üçün dayanacaq  yerləri düzəltdilər ki, iş yerlərinin, müəyyən xidmət obyektlərinin, dövlət təşkilatlarının və s. işçiləri avtomobillərini o yerlərdə saxlasınlar. Və bu dayanacaqlar dövlət büdcəsindən ayrılan vəsait hesabına tikildi.  Amma gərək bu dayanacaqlara elə bir simvolik qiymət qoyaydılar ki, sürücülər həmin qiymətdən çəkinib dayanacaqlardan uzaqlaşmayaydılar. Dünyanın bəzi yerlərində bu həyata keçirilir. Simvolik qiymətlər qoyurlar ki, sadəcə olaraq, orda xidmət edənlərin əmək haqqını, sərf olunan elektrik enerjisinin və s. pulunu ödəməyə kifayət etsin. Bu gəlir gətirmək üçün nzərdə tutulmamalı idi. Birinci səbəb budur. İkincisi isə,  burda psixoloji məqam var. Avtomobili uzun müddət, 3-4 saatlıq hardasa saxlayan insan bilir ki, avtomobili bu vaxt ərzində lazım olmayacaq, ona görə də aparıb qoyur dayanacağa. Amma şəhərdə çoxlu ticarət, müxtəlif  xidmət obyektləri var. Bura gələn insanlar 15 dəqiqə maşını saxlamaqdan ötrü aparıb onu duracağa qoya bilmir. Çünki sürücü 15 dəqiqədən ötrü ora getsə, təkcə maşını saxladığı yerdən geri dönmək üçün yarım saat əlavə vaxt itirmiş olacaq. Bu səbəblərdən insanlar küçələrdə də avtomobillərini saxlayırlar. Nəticədə dayanacaqlar da boş qalır.

Dünyanın  bir sıra qədim şəhərlərinin mərkəzi küçələrində də belə problemlər yaşanır. Məsələn, Londonda, Tokioda, Parisdə və s. Burda küçədə də maşınların saxlanmasına icazə verilir. Məsələn kiminsə 15 dəqiqəlik işi varsa, maşınını küçədə saxlaya bilir. Amma orda saxlanma qiymətini çox yüksək qoyurlar. Məsələn, Londonda elə yer var ki, orda maşını yarım saat saxlamağın qiyməti Londonun ən ucqar yerinə gedib gəlmək üçün sərf olunan pula bərabər olur. Əvvəldən elə şərait yaradırlar ki, öz avtomobili ilə ora gəlmək istəyən insan düşünür ki, yarım saat avtomobilini burda saxlayıb o qədər pul ödəməkdənsə, taksidən və ya başqa ictimai nəqliyyatdan istifadə etsin. Bizdə də bu kimi mexanizmlər tətbiq oluna bilər. Həqiqətən də mövcud problemlər həllini tapmasa, bizdə tıxac problemi də davam edəcək, dayanacaqlar da boş qalacaq".