Əcnəbilər Azərbaycan banklarından uzaq qaçırlar

8 Mart 2014 07:49 (UTC+04:00)

Məlumdur ki, bankların maliyyə mənbələrindən biri bəlkə də birincisi vətəndaşların bura qoymuş olduğu əmanətlərinin payına düşür. Banklarımız xarici vətəndaşların depozitlərinə də açıqdır. Ancaq maraqlısı odur ki, bu gün əmanətçilər arasında əcnəbilərə çox az təsadüf olunur. Yatırılan əmanətlər varsa da, bu, çox kiçik həcmdə olur. Hərçənd, xarici banklarda əcnəbi olaraq azərbaycanlı iş adamları daha çox vəsait yatırır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, xarici vətəndaşların Azərbaycan banklarına əmanət qoymasında maraqlarının az olmasının bəzi səbəbləri var: "Heç qoymur demək də düzgün olmazdı. Çünki, Yaxın Şərq ölkələrindən - İran, Səudiyyə Ərəbistan, Küveyt, hətta Türkiyədən olan vətəndaşlar Azərbaycanın bir sıra banklarına əmanət qoyublar. Azərbaycan banklarına əmənaət qoymaqda maraqlı olmayan inkişaf etmiş Avropa ölkələrinin vətəndaşlarıdır. Bu da onunla bağlıdır ki, birincisi, inkişaf etmiş ölkələrin vətəndaşları Azərbaycan banklarının likvidliyinə, dayanıqlığına şübhə ilə yanaşırlar. Bu cür ölkə vətəndaşları daha çox dünyada dayanıqlıqda, maliyyə indekslərində öndə olan, stabil banklara əmanət yatırmaqda maraqlıdırlar. Həm də siyasi və stabil mikroiqtisadi maliyyə strukturuna malik ölkələrin banklarına maliyyə vəsaiti yatırmağı üstün tuturlar. Çünki, onlar bununla da öz risklərini qiymətləndirməyə çalışırlar. Bu böyük vəsait qoyanlar həmişə böhranlara, maliyyə sferasında baş verən risklərə dayanıqlı olan banklara vəsait qoymağa meyl edirlər. Amma kiçik həcmdə Azərbaycan banklarına əmanət yatırımlarına rast gəlmək mümkündür. Bununla barabər, Azərbaycan banklarının beynəlxalq aləmdə az tanınması, banklarımız haqqında informasiyaların maliyyə xidmətlərinin çeşidlərinin zəif, maliyyə alətlərinin kasad olması da xarici vətəndaşların bura pul yatırmamasına təsir edir".

Ekspert bildirdi ki, banklarda əmanətələrin artması investisiya imkanlarını genişləndirir: "İnvestisiya imkanlarının genişlnməsi isə sahibkarlıq sektorunun, maliyyə bazasının təminatının artmasına gətirib çıxarır. Bu da iqtisadiyyatda əmtəə xidmətləri istehsalının artımına yol açır. Əmtəə xidmətləri istehsalının artımı isə ümumi daxili məhsulun (ÜMD) yüksəlməsinə təkan verir. ÜDM-ın da artımı iqtisadi artımın sürətlənməsinə şərait yaradır."

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, Azərbaycan banklarında xarici vətəndaşların pullarının saxlanılması normaldır: "Az da olsa, bu hallarla rastlaşırıq. Amma Azərbaycanda əmanətlərə görə verilən faizlər bir çox ölkələrlə müqayisə yüksəkdir. Avropa bankları 3-5% ilə kredit verirsə, Azərbaycan bankları 10% ilə sığortalanan, 12% ilə isə sığortalanmayan əmanətləri qəbul edirlər. Bu da xarici ölkələrlə müqayisədə yüksək faizlərdir. İlk baxışda xaricilərin diqqətini cəlb edə bilər. Xarici ölkə vətəndaşı burada daha çox vəsait yerləşdirməyə maraqlı ola bilər. Lakin Azərbaycan banklarının beynəlxalq reytinq sıralamalarında yerləri çox zəifdir. Azərbaycan banklarında hələlik BB+ dərəcəsindən yuxarı keçən reytinq dərəcələri olmadığı üçün burada yatırılan vəsaitlərin etibarlığı nisbətən aşağıdır. Xarici əmanətçilər banklarda əmanət yerləşdirərkən bu nüansa çox diqqət edirlər".

Ekspert hesab edir ki, Azərbaycan bankları xarici əmanətləri yerli vətəndaşlardan alınan əmanətlərə nisbətən aşağı faizlə cəlb edərsə, banklarımızın kredit portfelinin genişlənməsinə səbəb olacaq: "İstənilən halda ölkəyə xaricdən nağd pul vəsaitlərinin cəlb olunması həm iqtisadi, həm də siyasi baxımdan sərfəlidir. Həm də ölkədə nə qədər çox xarici kapital olarsa, bu o deməkdir ki, həmin ölkənin etibarlılğı daha çoxdur. Banklar bu vəsaitlərin idarə olunmasında öz gəlirlərini əldə edəcəklər".