Məhkuma məxsus siqaret qutusunun içindən mobil telefon çıxdı

8 Mart 2014 19:15 (UTC+04:00)
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Əvəz Ağalar oğlu Məmmədovun etapla müəssisəyə daxil olduğu zaman əşyalarına və üzərinə baxış keçirilərkən, ona məxsus "Davidoff" siqaret qutusunun içərisində gizlədilmiş bir ədəd "Nokia-6100" markalı mobil telefon aparatı, elektrik qidalandırıcısının qırığı və bir ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Elnur Məzahir oğlu Cahangirlinin saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, ona məxsus balışın içərisindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.