Krım tatarları hərəkətə keçdilər

9 Mart 2014 14:15 (UTC+04:00)
Ukraynanın Krım Muxtar Respublikasında rusiyalı əsgərlərin nəzarətinin artması tatarları hərəkətə keçirib. Krım tatarları 1944-cü ildə 1 gecədə itirdikləri ölkələrini yenidən itirməmək üçün gecələr məscidlərdə, tatarların yaşadığı məhəllə və küçələrdə keşik çəkirlər. Tatarlar Rusiya tərəfdarlarının təxribatının qarşısını almaq üçün bu üsuldan istifadə etdiklərini bildirirlər.

"Krım tatarları olaraq, 10 gündür keşik çəkirik. Bölgəmizdə təxribatların olmasını istəmirik. Bundan ehtiyat etdiyimiz üçün belə edirik. Hazırda yardıma ehtiyacımız yoxdur, amma ehtiyac olduğu halda Türkiyədə yaşayan soydaşlarımızdan yardım gözləyəcəyik." - Krım Tatar Parlamentinin üzvü Nuri Şevki belə deyir.

Axşam saat 6-da başlayan keşik çəkmə səhər saatlarınadək davam edir. Böyük tullantı qutularında yandırılan ocağın müşayiəti ilə tutulan gecə növbətləri, adətən, 3 qrup tərəfindən həyata keçirilir. Təhlükə olduğu təqdirdə isə tatarlar təxribatın qarşısını almaq üçün digərlərinə xəbər verirlər.