Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

9 Mart 2014 19:01 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi, bir qrup millət vəkilinin daxil olduğu və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirinin müşayiət etdiyi geniş tərkibli nümayəndə heyəti "Müsəlman cəmiyyətlərində sülhün təşviqi" mövzusundakı beynəlxalq konfransda iştirak etmək məqsədilə BƏƏ-nin paytaxtı Əbu Dabi şəhərində səfərdədir.

Səfirlikdən verilən məlumata görə, heyət səfər çərçivəsində bu gün konfransın himayədarı və BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyan, İSESKO-nun baş katibi Abduləziz Osman əl-Tuvaicri, Küveyt dövlətinin Vəqflər və İslam işləri üzrə nazirinin birinci müavini Adil Əl-Fəlah ilə görüşlər keçirib.

Konfrans çərçivəsində Şeyxülislam "Müsəlman cəmiyyətlərində sülhün möhkəmləndirilməsi" mövzusunda məruzə ilə çıxış edəcək.

BƏƏ-nin İslam işləri və Vəqflər üzrə Baş Komitəsinin sədri Hamdan Al-Mazrui ilə görüşün keçirilməsi də nəzərdə tutulur.