Nərmin Hüseynli vəfat etdi

10 Mart 2014 18:40 (UTC+04:00)
Bir həftə əvvəl müalicə üçün Türkiyəyə, İstanbul Memorial Klinikasına aparılan 17 yaşlı Nərmin Hüseynli vəfat edib. Bu barədə məlumatı ANS PRESS-ə gənc qızın yaxınları veriblər. N.Hüseynli bir neçə saat bundan öncə müalicə aldığı xəstəxanada keçinib. Gənc qızın bacısı Mehin Hüseynli də bu barədə məlumatı sosial şəbəkədə paylaşıb. "Bacımı itirdim mən artıq. Gözəlimi itirdim. Mənə söz vermişdi, durmadı sözünün üstündə. Yanımdadır amma o. Varlığıyla yanımda olacaq həmişə. Onun ölümündə səhv edən həkim günahkardır! Onun ölümündə, onu bu vəziyyətdə evə buraxan Milli Onkologiya Mərkəzi günahkardır! Onun ahı sizin xirtdəyinizdən yapışacaq!"
Xatırladaq ki, Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirilib. Müxtəlif xeyriyyə tədbirlərində onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanıb. İki gün əvvəl həkimlər N.Hüseynlinin beyin qanaması keçirdiyini və bunun qarşısının alındığını bildirmişdilər. Qeyd edək ki, 17 yaşlı gənc qız həkim səhlənkarlığınının qurbanı olub. Nərmin Hüseyinin anasının sözlərinə görə, 17 yaşlı qızı səhətindən heç vaxt şikayət etməyib və tam da sağlam olub. Məktəbdə fiziki və əqli fəallığı ilə seçilən Nərminin ötən ilin aprelində birdən-birə boğazı şişməyə başlayır. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müayinə olunduqdan dərhal sonra ona zob diaqnozu qoyularaq üzərində tiroidektomiya adlı əməliyyat aparılır.
Lakin getdikcə Nərminin vəziyyəti ağırlaşdığından bir çox vətəndaşlarımız kimi əli hər yerdən üzülən valideyinləri onu da müayinə üçün İrana, Təbrizə aparırlar. Məlum olur ki, diaqnoz əvvəlcədən səhv qoyulub və əslində Nərmin xəçəng xəstəliyindən əziyyət çəkirmiş.