Avtobus sürücülərinin işlərinin standartdan kənar olduğu üzə çıxdı

11 Mart 2014 13:34 (UTC+04:00)

Ölkədə avtobus və yük maşınlarının sürücülərindən həmişə müəyyən bir narazılıq olması özünü kifayət qədər açıq formada büruzə verir. Halbuki, ekspertələr əgörə, həmin sürücülərin işləri standartlar çərçivəsinə salınsa, onda hansısa problem yaşanmaz. Qeyd edək ki, sovetlər dönəmində sürücülər üçün belə standartlar olub. İndi də analoji təcrübədən istifadə zəruri sayılır. Azərbaycan Texniki Universitetinin "Avtomobil nəqliyyatı vasitələrinin" kafedra müdiri, dosent, texniki elmləri namizədi Rauf Məmmədov qeyd edir ki, dövlət, sahə və hətta müəssisə daxili standartlar var: "Əvvəllər sürücülər üçün normativ sənədlər var idi. Sürücü yolda olarkən o tələblərə əməl etməli idi. Ən uzağı sürücüyə mikrafon vasitəsi ilə dayancaqları elan etməyə, müəyyən məlumatları verməyə icazə verilirdi. Bu gün isə bu sahədə müəyyən qədər boşluq var. Aidiyyatı qurumlar normativ sənədlərin işlənməsini, təkmilləşdirməsi məsələsini gündəliyə gətirməlidirlər. Bu gün bəzi şirkətlərin uniforması var. Ancaq sürücülərdə insanlarla davranış, etik normalara əməl etmə, səbrli olma kimi hallar azdır. Bunları da heç bir sənədlə yox, müəyyən təsir mexanizləri ilə yaratmaq olar. Maarifləndirmə ilə yanaşı, bəzi əlavə tədbirlər də olmalıdır. Bütün bu işlər marşrut xətlərini işlədən şirkətin səlahiyyətindədir. Sürüclərə gündəlik nəzarət olmalıdır. Onları üzü tüklü olmamalı, hətta qulağnda, dırnağındakı çirkə görə də sürücüyə irad tutulmalıdır. Çünki, sürücü müəyyən mənada servis işçisidir, sərnişinlərlə əlaqədədir. İşlədiyi müəddətdə əmək normalarına, sanitar-gigiyenik və s. tələblərə əməl etməsi mütləqdir. Bu sahədə normativ sənədlər, tələblərin mövcudluğu bəlkə də Sovet dönəmindən qalma təlimatlardır. Ancaq dövrümüzdə sahibkarların ondan necə istifadə etmələri sual altındadır. Bəlkə də o barədə sahibkarlar heç fikirləşmirlər. Lakin həmin normativ sənədlərin hər şirkətdə olması vacibdir".

Mütəxəssis qeyd etdi ki, avtomobil nəqliyyatında smeta xərcləri hesablanarkən üstəlik xərc maddəsi var: "Həmin maddədə 200 elementin adı çəkilir. O cümlədən, sürücünün uniforması, məişət xərcləri və s. hamsı orada yerləşir. Yəni, bunların hamısı daşımanın maya dəyərində oturan faktorlardır. Əgər bu gün şirkətlər həmin normativləri nəzərə almırlarsa, deməli, həmin hissəsi maya dəyərində nəzərdə tutmur və böyük yeyintidir"

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirdi ki, burada baxır hansı daşıma növündən söhbət gedir: "Hazırda sərnişindaşımada vəziyyət o qədər də ürəkaçan deyil. Çünki, standartlar varsa da, onun tətbiqi yarımçıq həyata keçirilir. Əsas məsələ odur ki, sürüclərlə iş və istirahət rejimi tənzimlənməyib. Avtobusları təmizliyi istənilən səviyyədə olmur, sürücülər siqaret çəkir, çox vaxt saqqallı olurlar. İstədikləri musiqiyə gur səslə qulaq asırlar. Həm də 12, bəzən isə14 saat işləyirlər. Eləcə də uzaq məsəfayə gedən sərnişindaşıma vasitələrində anoloji vəziyyətdir. Burada ən yaxşı halda iki sürücü olur. Biri sükan arxasında olarkən, digəri yatır. O cümlədən yükdaşımalarında da vəziyyət xoş deyil. Daşımaları ayrı-ayrı şirkətlər həyata keçirir. Sürücüləri ilk növbədə yükdaşıma qaydalarını pozurlar. Ox üzərinə düşən yükdən daha artıq yük vururlar. Daşıdıqları yükün üzərini örtmürlər. Bütün bunların qarşısını almaq üçün zəruri addımlar atılmalıdır".