Elmar Məmmədyarov: “Azərbaycan hərtərəfli sülh müqaviləsinin imzalanmasına hazırdır”

11 Mart 2014 14:10 (UTC+04:00)

"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupu həmsədrlərinin Paris görüşündə münaqişənin həlli ətrafında aparılan danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib".

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

 

E. Abdullayev bildirib ki, görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinə münasibətdə narahatlıq ifadə olunub.

 

E. Məmmədyarov Azərbaycan tərəfinin mövqeyini təqdim edərək, Ermənistan tərəfinin konstruktiv yanaşmasının olmamasının münaqişənin həllinə, sülh prosesinin irəliləməsinə və regionda sülh və sabitliyin bərpa olunmasına mane olduğunu bildirib.

 

Nazir Azərbaycan tərəfinin hərtərəfli sülh müqaviləsinin imzalanmasına hazırlığını ifadə edib, həmçinin, sülhün irəliləməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, görüş martın 10-da keçirilib. Görüşdə Fransa, Rusiya və ABŞ-dan həmsədrlər olan Jak For, İqor Popov və Ceyms Uorlik və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik iştirak edib.