"E-hökumət" portalına qoşulan dövlət qurumlarının sayı 26-ya çatıb

14 İyun 2012 09:00 (UTC+04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" prezident fərmanının icrasının təmin edilməsi istiqamətində görülən işlərlə bağlı toplantı keçirilib.

Nazirlikdən verilən məlumata görə, toplantıda Prezident Administrasiyası, Nazirlər Kabineti və digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Toplantını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov "Elektron hökumət"in ("e-hökumət") formalaşdırılması üzrə aparılan işlərdən danışaraq mayın 23-də imzalanmış bu fərmandan irəli gələn məsələlərin həlli istiqamətində işlərin yeni bir mərhələyə qədəm qoyduğunu bildirib.

Nazir müavini "e-hökumət"in vətəndaşların müraciətlərinə baxılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, onların elektron xidmətlər göstərməsi, bunlardan vətəndaşların və biznes qurumlarının asanlıqla istifadə etməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etdiyini və bu istiqamətdə ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib.

Toplantıda Nazirliyin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev və Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov çıxış edərək həyata keçirilən işlər barədə geniş məlumat veriblər. Çıxış edənlər fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinin 2011-ci il iyunun 7-də təsdiqlədiyi sərəncamla müəyyənləşdirilmiş tədbirlər və bu tədbirlərin icrası barədə danışıblar.

O qeyd edib ki, hazırda "e-hökumət" portalına qoşulan dövlət qurumlarının sayı 26-ya çatıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Mülki Aviasiya Administrasiyası, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq üzrə Dövlət Komitəsi, Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Diasporlarla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Arxiv İdarəsi, Sənaye və Energetika Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Mərkəzi Bank, Xarici İşlər Nazirliyinin isə portala inteqrasiyası istiqamətində iş gedir.

Nazir müavini İ.Məmmədov toplantıya yekun vuraraq, həyata keçirilən layihənin əhəmiyyətini bir daha vurğulayıb və qaldırılan məsələlərin həllinin vacibliyini qeyd edib. Nazir müavini bu istiqamətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən istənilən quruma hər cür kömək göstəriləcəyini bildirib.