DSMF-də BVF-nin nümayəndə heyəti ilə görüş keçirilib

11 Mart 2014 18:01 (UTC+04:00)

Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Movqe.az-a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, görüş zamanı DSMF-nin sədri E.Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi olan sığorta-pensiya islahatlarının müsbət nəticələri, 2013-cü ildə Fondun büdcəsinin icrası, 2014-2015-ci illərdə perspektiv qiymətləndirmələr, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üzrə strateji hədəflər barədə ətraflı məlumat verib. O bildirib ki, 2013-cü ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilə nisbətən 12,2 faiz artıb. Sosial sığorta haqlarının 62,5 faizi qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 14,6 faiz çoxdur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə fiziki şəxslərdən daxilolmalar 28,5 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 21,8 faiz artıb.

Fondun büdcəsinin gəlir və xərcləri 2014-cü ilə 2 mlrd 928 milyon 452 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 11,2 faiz, 2012-ci illə müqayisədə 19,1 faiz, 2011-ci illə müqayisədə isə 37,8 faiz çoxdur. Dünya iqtisadiyyatında mürəkkəb və çətin proqnozlaşdırılan dəyişikliklərin baş verdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü bir dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin belə sürətli artımı ölkəmizdəki iqtisadi-sosial inkişafın birbaşa nəticəsidir ki, bunu da hər bir ölkədə olduğu kimi sığorta-pensiya sisteminin göstəriciləri özündə adekvat əks etdirir.

DSMF-nin sədri E.Mehdiyev vurğulayıb ki, yaxın perspektivdə başlıca hədəf pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, əmək pensiyalarının könüllü yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi yolu ilə sığorta-pensiya sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olmaqdır.

BVF nümayəndə heyətinin rəhbəri Raca Almarzogi Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirib. Qonaq təmsil etdiyi qurumun Azərbaycanda reallaşdırdığı layihələrin əhəmiyyətini vurğulayaraq, birgə əməkdaşlığın bundan sonra da səmərəli olacağını qeyd edib.

Görüşdə sığorta-pensiya islahatları üzrə strateji hədəflər və BVF ilə gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.