Bəzi yollardan ödənişli istifadə üçün qanun hazırlanır

14 İyun 2012 09:00 (UTC+04:00)

Azərbaycanda bəzi yollardan ödənişli istifadə üçün qanun hazırlanır. Bunu jurnalistlərə "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov bildirib. Onun sözlərinə görə, köhnə qanunda bəzi maddələrə dəyişikliklər ediləcək. Azərbaycanda bəzi yollar var ki, onları ödənişli etmək olar.

O deyib: "Azərbaycanın avtomobil yollarında ödənişli gediş yalnız bu yollara alternativ marşrutların mövcud olacağı təqdirdə tətbiq ediləcək. Bu gün ölkədə gediş üçün ödənişin tətbiq ediləcəyi yollar mövcuddur. İlk növbədə, bunun üçün Bakıətrafı dairəvi yollardan istifadə etmək olar".

Cavid Qurbanov daha sonra qeyd edib ki, Bakının Ziya Bünyadov prospektində 500-dən çox evin köçürülməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, paytaxtda prospektin yenidən qurulduqdan sonra 2013-cü ilin ortalarında istismara verilməsi planlaşdırılır.

ASC rəhbəri deyib: "İndi prospektdə yol tikintisi aparmaq üçün problem daha böyükdür, mürəkkəb infrastruktur mövcuddur. Orada 500-dən çox yaşayış evlərinin və obyektlərin köçürülməsi lazımdır. Ərazidə su, qaz, işıq xətləri yerin altından keçirilməlidir. Bu məsələlər yolun tikintisinə problem yaradır. Düşünürəm ki, gələn ilin ortalarınadək yolun açılmasını təmin edəcəyik".

Onun sözlərinə görə, bu ilin sonuna kimi, Bakının Gənclik metrostansiyasının yaxınlığında tikilən yeraltı keçidlər tam istifadəyə veriləcək.

Cavid Qurbanov deyib ki, bir aya yeraltı keçidin birinci hissəsi istifadəyə veriləcək. Çalışacağıq ki, bu ilin sonunadək yeraltı keçidləri tam istifadəyə verək.

Onun sözlərinə görə, bu ilin sentyabrınadək Bakı-Tbilisi-Qars dəmiryolu üzrə ilk qatarların xəttə buraxılması gözlənilir.

O bildirib ki, bu yolun 186 kilometrinin bütün hissəsində torpaq yatağı tamamilə dəyişdirilir, relslər yenidən qoyulur: "Əgər belə olmasa, bu yolda yüklərin daşınması və sərnişinlərin təhlükəsizliyini təmin etmək olmaz. Ona görə, yenidən qəbul olunan qərara əsasən, yolun ilkin hissəsində işlər tamamlanıb. İkinci hissədə 14 kilometr yol bərpa edilib. Biz sentyabrın axırına qədər çalışacağıq ki, Bakı-Tbilisi-Qars dəmiryolu üzrə ilk qatarları xəttə buraxaq. 2013-cü ildə isə dəmiryolu tam istismara veriləcək".