“Sovetski” yaxın gələcəkdə belə olacaq - FOTOLAR

11 Mart 2014 21:32 (UTC+04:00)

Bakının "Sovetski" deyilən ərazisinin gələcək taleyi, demək olar ki, hər kəsi dərindən düşündürür. Bu mövzu heç də uzaq gələcəyə aid deyil. Artıq bu barədə müəyyən fikir və təkliflər də mövcuddur.

Həmsöhbətimiz dünyanın müxtəlif yerlərində çoxsaylı landşaft və park layihələrinin müəllifi memar Laura Perettidir. O, Bakının mərkəzində parkın yaradılması ilə bağlı maraqlı layihə təqdim edib. Memar Bakupost.az-a bu layihənin özəlliklərindən danışıb.

- Təklif etdiyiniz yeni layihə Bakının simasını nə dərəcədə dəyişəcək?

-Hər şeydən öncə, demək istərdim ki, başçılıq etdiyim "Studioinsito" memarlıq studiyası üçün Azərbaycanın Şəhərsalma və Arxitektura Dövlət Komitəsinə bu layihəni təqdim etmək böyük fəxrdir. Həmçinin, aydınlaşdırmaq istərdim ki, layihənin Bakı şəhərinin mərkəzinin inkişafı planına daxil olmasına baxmayaraq, hələ ki, son təsdiqini tapmayıb, deməli, təklif şəklindədir.

- Zəhmət olmazsa, layihənin əsas özəlliklərindən danışardınız.

-Təklif etdiyimiz layihə bu gün Bakının mərkəzində mövcud olan parklara bənzəmir. Bu, şəhərin səs-küyündən necə deyərlər qaçıb gizlənməyə imkan verən əsl təbii parkdır və bu məkan daha çox Nyu-York Mərkəzi Parkına bənzəyir. Mən bu parkı şəhərin yaşıl "ağ ciyərləri"nə bənzədərdim. Çünki həm ahıl adamların, xüsusən böyüməkdə olan nəslin sağlamlağı bizim üçün olduqca qiymətlidir. Dünyanın bəzi ölkələrində şəhərin mərkəzində yaşıllığı məhv edib yerində göydələnlər tikirlər, sizdə isə əksinə, köhnə evlərin yerində ecazkar park salmağa qərar verilib, bu, çox sevindiricidir.

Mənim təklif etdiyim park özündə kəsişən avtomobil yollarından uzaq yaşıl zona yaratmağı nəzərdə tutur. Bu da şəhərin yeraltı və yerüstü hissələri arasında əlaqəni təmin edən yeraltı yol şəbəkəsi sayəsində mümkündür. Bu şəbəkə bəzi yolların genişləndirilməsini, eləcə də yeraltı yolların inşasını nəzərdə tutur.

Bu layihədə mövcud tikililərin saxlanması nəzərdə tutulur, yoxsa yenilərinin inşasını?

-Sözügedən ərazidə hər hansı hündür bina inşa olunmayacaq. Layihənin strategiyasında ərazidə mövcud olan və Azərbaycanın memarlıq abidələri hesab olunan tikililərin, eləcə də artıq inşasına başlanmış tikililərin qorunub saxlanması nəzərdə tutulur. Nəhayət, Təzə Pir məscidinə açılan geniş ərazi sayəsində məscidi, hətta uzaqdan seyr etmək imkanı yaranacaq.

Yeganə yeni tikinti böyük Azərbaycan ənənələri ruhunda "Şəbəkə" olacaq. Bu "Şəbəkə" uzun örtülü iki səviyyəli qalereya şəklindədir, bura geniş parkinq, bar, fitnes klub, uşaqlar üçün oyun meydançaları, mədəniyyət mərkəzləri, mağazalar və digər xidmətlər daxildir. Şəhər və park arasında keçid rolunu oynayan, Alov Qüllələri ilə İnşaatçılar prospektini vizual şəkildə birləşdirən "Şəbəkə" həmçinin Bakının gecə həyatının mərkəzinə çevrilə bilər. Yuxarıdan baxanda "Şəbəkə" gecə işıqlarının nurunda böyük parlaq xalçaya bənzəyir.

- Belə bir rəy yaranıb ki, Bakıda park salmaq, yaşıllıq zonası yaratmaq çətindir...

-Hal-hazırda şəhərin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, bu isə imkan verir ki, yaşıllaşdırma ilə bağlı problemləri əvvəlki illərlə müqayisədə daha asan həll olunur. Lakin bu işdə bilik və təcrübə xüsusilə vacibdir. Məhz elə buna görə də biz Azərbaycanın iqlim və yaşıllıq məsələləri ilə yaxından tanış olan xanım Rozi Aqaravattini məsləhətçi kimi bu işlərə cəlb etdik.

XIX və XX əsrlərdə yaşayıb-yaratmış Azərbaycan memarlarının Bakıda İtalyan memarlıq üslubunda tarixi binaların layihələrini hazırlaması və inşa etmələri məndə fərəh hissi doğurur. Ümid edirəm ki, Azərbaycan ənənələrindən ruhlanaraq işləyib hazırladığım layihə ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişafına layiqli töhfə olacaq. /// bakupost.az