Muğanlı kəndinin bir hissəsinin köçürüləcəyi ərazi ilə bağlı sənədlər Nazirlər Kabinetinə təqdim olunub

14 İyun 2012 12:10 (UTC+04:00)

Şamaxı rayonunun 6 kəndində torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən fərdi yaşayış evlərinin əvəzinə yenilərinin tikintisi aparılır.

Fövqəladə Hallar Nazirliyinin son yoxlamalarından sonra rayonda ümumilikdə 30 fərdi yaşayış evinin inşasına qərar verilib. Hazırda Çaylı kəndində 2, Göylərdə 2, Adnalıda 1, Böyük Xınıslıda 1, Nüydüdə 1 və Mirikənddə 3 yeni evin inşasına başlanılıb. Şamaxı şəhərində və Quşçu kəndində 4, Sağyan kəndində isə 16 evin inşasına qərar verilib. Lakin həmin evlərin tikilməsi üçün əvvəl seçilmiş ərazidə aparılan araşdırma nəticəsində buranın sürüşməyə meylli olduğu müəyyən edilib.

Hazırda Sağyan kəndində yeni ərazinin tikintiyə yararlılığının yoxlanılması üçün geoloji kəşfiyyat işləri aparılır. Bundan əlavə, sürüşmə nəticəsində Muğanlı kəndində qəzalı vəziyyətə düşmüş 46 evin köçürülməsi ilə bağlı kəndin yaxınlığındakı yeni ərazidə bütün geoloji kəşfiyyat işləri başa çatdırılaraq sənədlər Nazirlər Kabinetinə təqdim olunub. /APA/