Avropanın Azərbaycandan qaz asılılığı artır

12 Mart 2014 08:46 (UTC+04:00)

Ukraynada yaşanan məlum hadisələrin Avropa qaz bazarlarında da öz əksini tapacağı heç bir şübhə doğurmur. Artıq məlumdur ki, "Qazprom" şirkəti 2014-cü ilin aprelindən etibarən Ukraynaya qaz tədarükü üzrə güzəştləri ləğv edəcək. Şirkətin rəhbəri Aleksey Miller bu qərarı onunla əsaslandırıb ki, Ukrayna endirim edilməsi haqqında müqaviləyə əlavənin imzalanması zamanı əldə edilən razılaşmanı yerinə yetirmir: "Ukraynanın Rusiya qazına görə vaxtı keçmiş borcu 1,549 milyard dollardır".

Qeyd edək ki, "Naftoqaz Ukrayna" 2013-cü ildə Rusiyadan təqribən 13 milyard kubmetr qazı orta hesabla hər min kubmetrə görə 400 dollar qiymətinə alıb. Ötən ilin dekabrında isə Rusiya Ukraynaya güzəştə getməklə 2014-cü il üçün qiyməti 268,5 dollar səviyyəsində müəyyənləşdirib. Həmin vaxt tərəflər razılığa gəlmişdilər ki, Ukrayna 2013-cü il üçün olan 2,634 milyard dolllar borcunu yanvarın 25-də ödəyəcək. Lakin Ukrayna artıq borcu ödəmək iqtidarında olmadığını bildirir. Bu vəziyyətdə isə Qərb Ukraynaya qaz üçün 3 milyard dollar yardım etməyə hazır olduğunu bəyan edir.

Rusiyaya cavab tədbiri kimi Avropa Birliyi (AB) Rusiya təbii qazının Qara dəniz üzərindən Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan Cənub Axını Layihəsi ilə bağlı siyasi müzakirələri dayandırıb. Layihənin AB-Rusiya münasibətlərindəki son gərginliyə görə təxirə salındığı da açıqlanıb. Gözlənir ki, bu halda Rusiya Avropaya daha az qaz satmalı olacaq. Belə vəziyyətdə isə Avropanın əsas ümid yeri olan Azərbaycandan avtomatik olaraq daha çox qazın alınması gözlənir. Artıq Avropa rəsmiləri bu xüsusda ilkin açıqlamalar veriblər.

Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyq Ukraynanın işğalına görə Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq edilməsinin bu ölkədən Avropaya qaz təchizatını təhlükə altına ala biləcəyini etiraf edir. O, bu məsələnin ABŞ və Avropa ölkələri arasında müzakirə olunduğunu bildirib. Nazir Britaniyanın qaz istehlakı balansında Rusiya qazının cəmi 1% tutduğunu, lakin Almaniya və bir sıra digər AB ölkələrinin qaz istehlakında üçdə birini təşkil etdiyini qeyd edib. Britaniya rəsmilərinə görə, Ukrayna böhranın silahlı qarşıdurmaya çevrilməsi Britaniyanın qaz təchizatına ciddi təsir göstərməsə də, Avropada qazın bahalaşmasına gətirə bilər.

Vilyam Heyq isə ötən ilin dekabr ayında Azərbaycana səfər etdiyini və orada Xəzər dənizindən Avropaya çəkiləcək qaz boru kəməri layihəsinə başlanması mərasimində iştitrak etdiyini bildirib. Britaniya XİN rəhbəri Rusiyadan yan keçən bu qaz kəmərinin bir neçə ilə tikiləcəyini qeyd edib. Vilyam Heyq qeyd edib ki, hadisələrin cərayanı bu çür layihələrə ehtiyacı artıracaq. Yəni, Avropa daha çox Azərbaycan qazına ehtiyac duyacaq. Vilyam Heyq da bildirir ki, Avropa ölkələri Rusiyadan alınan enerji təchizatının həcmini azalda bilər, əvəzində isə digər mənbələrdən daha çox qaz idxal oluna bilər. Bu sıraya isə Azərbaycan da aiddir.

Təbii ki, hadisələrin bu səpkidə inkişafı Rusiyanı razı salmır. Əslində, Moskva çoxdandır qaz məsələsində Azərbaycanla birgə hərəkət etmək istəyir. Hələ bir müddət əvvəl Rusiya baş naziri Dmitri Medvedyev Azərbaycanla bağlı növbəti dəfə açıqlamalar verərək Bakı ilə Moskvanın, enerji sektoru da daxil olmaqla, iqtisadi məsələlər üzrə razılaşdırılmış mövqe hazırlamalı olduğunu deyib. Medvedyevin sözlərinə görə, ölkələr arasında olan xüsusi yaxın əlaqələr nəzərə alınmaqla bir sıra iqtisadi məsələlər üzrə razılaşdırma xəttinin aparılmasına ehtiyac var. Baş nazir tərəflərin razılığa gələ biləcəyini də dilə gətirib. Bu, rəsmilərin ilk belə açıqlaması deyil. Bundan əvvəl də Kreml nümayəndələri Azərbaycanın enerji məsələlərində, xüsusilə Avropaya qaz satışında Rusiya ilə razılaşdırılmış mövqe ortalığa qoymasını istəyiblər. Lakin Avropa ilə münasibətlərini pozmaq istəməyən Bakı Moskvanın dedikləri ilə razılaşmaq niyyətində deyil. Belə vəziyyət isə Bakı və Moskva arasında qaz ziddiyyətini artıra bilər.

İndilikdə isə Azərbaycanın zəngin enerji resursları Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm faktora çevrildiyindən, Avropa şirkətləri Bakı ilə əməkdaşlığı prioritetə çeviriblər. Proseslər isə Avropada Azərbaycan qazına bundan sonra daha böyük ehtiyac yarandığını göstərir.